Gürcüstanın paytaxtı Tbilisidə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Gürcüstan təmsilçisi, əməkdar jurnalist Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev – Gürcüstan 100” kitabının təqdimatı keçirilib.
Gürcüstanın paytaxtı Tbilisidə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Gürcüstan təmsilçisi, əməkdar jurnalist Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev – Gürcüstan 100” kitabının təqdimatı keçirilib.
Paytaxt Tbilisidə Azərbaycan və gürcü dillərində nəşr olunan “Heydər Əliyev – Gürcüstan 100” kitabının təqdimatı keçirilib.
Mərasimdən öncə tədbir iştirakçıları Tbilisinin mərkəzindəki Heydər Əliyevin büstünü ziyarət edərək, büstün önünə gül çiçək dəstələri qoyublar.
Təqdimat mərasimində Azərbaycanın səfiri Faiq Quliyev, Türkiyənin səfiri Ali Kaan Orbay, Gürcüstan parlamenti sədrinin müavinləri Qia Volski, Arçil Talakvadze, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tarixçi alim Ramiz Bəkirov tədbiri açdıqdan sonra Azərbaycanın və Gürcüstanın Dövlət himləri səsləndirilib.
Sonra səfir Faiq Quliyev çıxış edərək bildirib ki, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş kitabda xronoloji faktlar, siyasətçilərin fikirləri xüsusi yer alıb. Şahismayıl Şəmmədoğlunun bu kitabı artıq 3-cü nəşrdir. Əsərdə Azərbaycan Respublikasının xarici siyasətinin tərkib hissəsi kimi onun qonşu dövlətlərlə, bu sırada Gürcüstan ilə münasibətləri diqqəti xüsusilə cəlb edir. Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan-Gürcüstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu qeyd olunub.
Diplomat Heydər Əliyevin fəaliyyətinin ayrı-ayrı dövrləri barədə iştirakçılara məlumat verib, onun Gürcüstan ilə münasibətlərə xüsusi diqqət yetirdiyini vurğulayıb.
Parlament sədrinin müavini Arçil Talakvadze çıxışında deyib ki, bugünkü təqdimatda iki ölkə arasındakı münasibətlərə toxunuldu. Müəllifi Şahismayıl Şəmmədoğlu olan Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kitabda Heydər Əliyevin Gürcüstan və Azərbaycan arasında xidmətlərindən danışılıb. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasındakı münasibətlər yeni müstəvidə inkişaf edib və bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Gürcüstan parlamenti sədrinin digər müavini Qia Volski isə çıxışında dünyada Azərbaycana olan marağın artdığını, ölkəmizin mövqelərinin daha da möhkəmləndiyini vurğulayıb, bütün qazanılan uğurların əsasında Ulu Öndər Heydər Əliyevin siyasətinin dayandığını qeyd edib. Kitabın əhəmiyyətindən danışan Qio Volski bu kitabın iki ölkə arasındakı münasibətlərə böyük töhfə olacağını bildirib.O, bu xidmətlərin ictimaiyyətə çatdırılmasında körpü rolunu oynayan Şahismayıl Şəmmədoğluna dərin təşəkkürünü bildirib.
Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Roin Metreveli çıxışında deyib ki, mən kitabın müəllifi Şahismayıl Şəmmədoğlunu 30 ildir ki, tanıyıram. O, həmişə dövlətçiliyə sadiq olub, onun Gürcüstan – Azərbaycan dostluq münasibətlərində əvəzsiz xidmətləri olub. Bugünkü təqdimat da iki ölkə arasındakı münasibətlərə öz töhfəsini verəcək.
Türkiyənin səfiri Ali Kaan Orbay isə bildirib ki, bu gün bütün türk dünyası gözəl bir bayramı – fenomen şəxsiyyət, dünya şöhrətli Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Heydər Əliyevin adı əsrlər boyu xalqlarımızın yaddaşından silinməyəcək və daim ehtiramla xatırlanacaq. Heydər Əliyevin siyasi irsi gələcək nəsillər üçün əsl örnək olaraq qalacaq.
Sonra deputat Mamuka Xazaradze, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov, ictimai xadim Elşad Həsənov, sabiq qubernator Levan Mamaladze və başqaları çıxış edərək, Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər. Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu ləyaqətlə və uğurla davam etdirməsi nəticəsində Azərbaycan daha da inkişaf edib, regionda sabitliyin bərqərar olunması üçün mühüm addımlar atılıb. Bir fikir xüsusi vurğulanıb ki, Prezident İlham Əliyev də Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi diqqət yetirir. Məhz bunun nəticəsidir ki, bu gün ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Sonda kitabın müəllifi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Gürcüstan üzrə müxbiri, əməkdar jurnalist Şahismayıl Şəmmədoğlu iştirakçılara təşəkkürünü bildirib.
Tədbirin sonunda Şahismayıl Şəmmədoğlunun redaktorluğu ilə gürcü dilinə tərcümə edilmiş “Tarixin izi ilə” sənədli filmi nümayiş etdirilib.