Zurabişvili Bakıda çıxışında deyib: “Cənubi Qafqaz artıq mərkəzi meydançadır”
“Cənubi Qafqazda hələ də sovetlərin keçmiş miraslarının nəticələrini görürük. Biz tam müstəqil olana qədər mübarizə aparmalıyıq”.
Bu sözləri Prezident Salome Zurabişvili bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
O bildirib ki, Gürcüstanın hələ də 20 faiz ərazisi işğal altındadır:
“Bütün münaqişələrin həlli yollarını tapmalıyıq. Bizim ərazilərimizin 20 faizi işğal altındadır. Yenidən ərazi bütövlüyümüzün bərpasına çalışırıq. Gürcüstan ərazi bütövlüyünün bərpasına nail olmağa, işğal altında olan ərazilərimizdə yaşayanların da bizə qoşulmasına çalışırıq. Cənubi Qafqaz artıq mərkəzi meydançadır”.
Zurabişvili, bu gün dünyada çox çağırışlı bir dövr olduğunu bildirib:
“Bu ilin fevralından dünya Ukraynada baş verən müharibəyə şahidlik edir. Ukraynaya böhtan atılmaqla müharibəyə başlanılıb. Bu sivil insanların həlak olmasına gətirib çıxarıb. 1991,1992, 2008-ci illərdə Rusiyanın Gürcüstana qarşı təcavüzlərini unutmalı deyilik. Ukraynaya həmrəyliyimizi nümayiş etdirməliyik.
Biz müharibə zamanı sivillərin hüquqlarının tapdanmasını yaddan çıxarmamalıyıq. Rusiya müharibəni dərinləşdirir. Bu da enerji və qida qıtlığı ilə nəticələnir. Biz nifrət nitqinə qarşı da çıxış etməliyik. Avropa İttifaqı Ukraynada müharibəni dayandırmalıdır. Bu, Ukrayna vətəndaşlarının tam iştirakı ilə baş verməlidir. Ukrayna vətəndaşları gələcək sülhün kontorlarını müəyyən etməlidirlər”, – deyə S. Zurabişvili qeyd edib.