Vyanada Xocalıya Ədalət aksiyası keçirilib

Fevralın 23-də Avstriya respublikasının paytaxtı Vyana şəhərinin mərkəzində yerləşən və piyadaların gur hərəkət etdiyi Ştefansplatz meydanında Avstriya Azərbaycanlıları Cəmiyyəti və Azəri-Der dərnəyi birlikdə Xocalısoyqırımının 27-ci ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib.

“Report” xəbər verir ki, aksiyada Azərbaycan və müxtəlif türk diaspor təşkilatlarının fəalları, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbirdə jurnalistlərin suallarını Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov və Azəri-Der dərnək rəhbəri Yardım Günəş cavablandırıb.

Sualları cavablandıran Əzizov bildirib ki, Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir. Vurğulayıb ki, ermənilərin bu qədim Azərbaycan torpağında törətdikləri vəhşiliklər nə insani, nə də müharibə qanunlarına sığmayan cinayətdir. Dinc şəhər sakinləri qəddarcasına qətlə yetirildi. Qocalar, qadınlar, uşaqlar süngüdən keçirildi. Meyitlərin üzləri, bədən əzaları doğrandı, kəsildi, tanınmaz hala salındı. Başaçıq, ayaqyalın qara bürünmüş çöllərdən qaçıb canını qurtarmaq istəyən xocalılılar əvvəlcədən Ağdama gedən yollar üzərində qurulmuş pusqulardan avtomat atəşinə tutuldular. Şəhərin küçələri, ətrafı meyitlərlə, can verən yaralıların ah-naləsi ilə cəhənnəmi xatırladırdı. Hələ bəşər tarixi belə tükürpədici mənzərə görməmişdi. Xocalı şəhəri bir gecənin içində yerlə yeksan edildi. Qocalı, uşaqlı 613 sakini qəddarlıqla öldürüldü. 150 nəfər itkin düşdü. 1275 nəfər əsir götürüldü. Əsirlər ağır işgəncələrə məruz qaldı.

Fərid Əzizov çıxışının sonunda bildirib ki,Azərbaycan tarixi, əzəli torpaqlarının bütövlüyünü təmin edəcək və Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə görə Ermənistanın o zamanki rəhbərliyi insanlıq qarşısında cavab verəcək.

Tədbir Xocalıya Ədalət,Qarabağa Azadlıq şuarları ilə davam etdirilib.

Daha əvvəl Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımı hadisələrini bədii üslubda çatdırmaq məqsədilə “Böyüməyən uşaqlar” tamaşası nümayiş olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey