Azərbaycan və Gürcüstan Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Gürcüstanın ədliyyə naziri Rati Breqadze rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfər edib.
Bu barədə Azərbaycanın Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Gürcüstan nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş keçirilib.
Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov iki ölkə arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin xüsusi rolunu qeyd edib, səfərin diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinin qeyd olunduğu dövrdə həyat keçirilməsinin əhəmiyyətini vurğulayıb, ötən ilin dekabrında Avropa ədliyyə nazirlərinin konfransında ikitərəfli görüşünü xatırladıb.
R.Breqadze ölkəmizin ədliyyə sistemi barədə məlumat verərək Azərbaycanın bu sahədə nailiyyətlərinə və təcrübəsinə maraq göstərib.
Sonra Azərbaycan və Gürcüstan Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum ədliyyə və məhkəmə sistemlərinin, elektron xidmətlərin və rəqəmsal innovasiyaların tətbiqinin təşviqi, penitensiar, probasiya, mediasiya, hüquqşünasların tədrisi ilə bağlı və digər konkret tədbirlərin keçirilməsini nəzərdə tutur.
Tədbirdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də iştirak edib.
Qeyd edək ki, nazir R.Breqadzenin və nümayəndə heyətinin Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşü keçirilib, iki ölkənin parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb, Azərbaycan və Gürcüstan əlaqələrinin inkişafında qanunverici orqanların özünəməxsus rolu vurğulanıb.