Prezident: “Əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın”

“Bir çox beynəlxalq təşkilatlar Azərbaycanın təşəbbüsü ilə Xocalı soyqırımına öz münasibətini bildiriblər. Bu istiqamətdə işlər davam etdiriləcək”.

Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Əlbəttə, soyqırımı törədiləndə Azərbaycan demək olar ki, informasiya blokadasında idi. O vaxt müasir imkanlar da yox idi. Ona görə bu məsələ bir çoxları üçün aydın deyildi. Xüsusilə nəzərə alsaq ki, o illərdə Azərbaycanın beynəlxalq aləmdə imkanları o qədər də çox deyildi. Həmin vaxt erməni lobbisi fəal çalışırdı və müharibə ilə bağlı, baş vermiş hadisələrlə bağlı yalan, təhrif edilmiş məlumatlar ötürürdü. Beynəlxalq ictimaiyyətdə yanlış fikirlər formalaşmışdı.
Bu fikirləri aradan qaldırmaq, onları təkzib etmək üçün biz əlbəttə ki, böyük səylər göstərməli idik və son illər ərzində ardıcıl fəaliyyətdə bu səyləri göstərmişik. Dövlət olaraq, ictimai təşkilatlar olaraq. İctimai təşkilatlar arasında Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Xocalıya ədalət şüarı altında bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilib.

Əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın. Nə Azərbaycanda, nə də dünyada heç vaxt bu təkrarlanmasın. Heç vaxt Azərbaycan 90-cı illərin əvvəlində olan o aciz duruma düşməsin. Hər zaman Azərbaycan özünü və öz vətəndaşlarını qoruya bilsin.

Hesab edirəm ki, bu gün Xocalı soyqırımı ilə bağlı dünyada geniş məlumat var. Halbuki burada da Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyalar yayaraq, bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə atmaq istəyirdi. Sanki Azərbaycan özü Xocalı soyqırımını törədib. Bu addımların təkrarını biz İkinci Qarabağ müharibəsində də gördük. Gəncəni, Tərtəri, Ağdamı və digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, Azərbaycan bunu özü törədib. Halbuki ballistik raketlərlə açılan atəş peyk tərəfindən izlənilir və böyük dövlətlər, ilk növbədə Minsk qrupuna həmsədrlik edən ölkələr bütün bu mənzərəni izləyirdi.

Ballistik raketlər Ermənistan ərazisindən buraxılıb. Ermənilər növbəti yalana cəhd göstərdilər, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və məlumatı ötürmək üçün imkanlarımız var. Ona görə mən tam əminəm ki, illər keçdikcə Xocalı soyqırımı haqqında bütün dünya biləcək, bizim vəzifəmiz bundan ibarətdir. Bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımı rəsmən soyqırımı kimi tanısınlar. Bu istiqamətdə işlər bundan sonra da ardıcıl sürətdə aparılacaq”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey