Leyla Əliyeva COP31 çərçivəsində Türk dünyasında qadınların iqlim fəaliyyətində roluna həsr olunmuş panel iclasda iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Azərbaycan pavilyonunda təşkil olunan “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda panel iclasda iştirak edib.
„Dalğatv” “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva qadınların cəmiyyətin sosial-iqtisadi inkişafında mühüm rol oynadıqlarını vurğulayıb. O, qadınların potensialının gücləndirilməsinin, onların müxtəlif sahələrdə, o cümlədən ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakının təşviq edilməsinin əhəmiyyətini qeyd edib.
Leyla Əliyeva bu istiqamətdə türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət çəkib. IDEA İctimai Birliyinin həyata keçirdiyi layihələrdə qadınların fəal iştirakından bəhs edərək, xüsusilə regionlarda reallaşdırılan təşəbbüslərin onların sosial və iqtisadi imkanlarının artırılmasına töhfə verdiyini bildirib.
Panel iclasda, həmçinin Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış ediblər.
Çıxışlar zamanı iqlim dəyişikliyi ilə mübarizədə qadınların rolunun gücləndirilməsi, onların iqtisadi fəallığının artırılması, iqlim investisiyalarına çıxış imkanlarının genişləndirilməsi və qərar qəbuletmə proseslərində daha fəal iştirakının təmin olunması məsələləri müzakirə edilib.
Bununla yanaşı, Türk dünyasında qadın sahibkarlar arasında əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin təşviqi və iqlim sahəsində birgə innovativ təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
