Marneulidə Azərbaycana geniş miqyaslı dəstək aksiyası keçirildi
Bu gün Marneulidə Azərbaycana və Azərbaycan ordusuna geniş miqyaslı dəstək aksiyası keçirilib.
Yerli vaxtla saat 15:00-da başlayan aksiyaya minlərlə vətəndaş toplanıb.
Dəstək aksiyasına toplaşan vətəndaşlar əllərində Azərbaycan, Gürcüstan və Türkiyə bayraqları tutaraq Azərbaycana dəstək şüarları səsləndiriblər.
Aksiyada yerli Azərbaycan icmasının üzvləri və eyni zamanda gürcü ictimaiyyət nümayəndələri də qatılaraq çıxış ediblər.
Çıxış edən natiqlər Azərbaycanın haqq işi apardığını, bu işdə Gürcüstan azərbaycanlılarının Azərbaycan xalqının yanında olduğunu bildiriblər.
Çıxış edənlər Dağlıq Qrabağ məsələsi ilə əlaqədar Azərbaycanın yanında olduqlarını və münaqişənin Azərbaycanın beynəlxalaq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildiriblər. Dəstək aksiyasının iştirakçıları Azərbaycan ordusunun əks hücum əməliyyatına dəstək ifadə ediblər.
Ziyalılar çıxışlarında Ermənistanın separatist fəaliyyətini pisləyərək 30 ildir Azərbaycanın 20% torpaqlarının işğal altında saxladıqlarını, Azərbaycan xalqına məxsus tarixi, dini abidələrini məhv etdiklərini bildiriblər. Aksiyada həmçinin Gürcüstanın işğal altında olan Abxaziya və Cənubi Osetiyanın da azad olunmasının vacibliyi vurğulanıb.
Mitinqçilər “Azərbaycan var olsun, düşmənləri kor olsun!”, “Yaşasın Azərbaycan əsgəri!”, “Abxaziya, Osetiya bizimdir” kimi şüarlar səsləndiriblər.
Çıxış edənlər işğal altında olan bütün torpaqların tezliklə azad olunacağına əminlik ifadə ediblər.