İƏT-in Milli Xəbər Agentlikləri Birliyi (UNA) koronavirusa qarşı mübarizə mövzusunda virtual forum keçirib
Mayın 16-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Milli Xəbər Agentlikləri Birliyi (UNA) “Koronavirusa qarşı səylərin dəstəklənməsində xəbər agentliklərinin rolu” mövzusunda ilk virtual forum keçirib. Əlliyə yaxın ölkənin rəsmi xəbər agentlikləri rəhbərlərinin, səfirlərin iştirak etdikləri forumda Azərbaycanı UNA-nın İcraiyyə Şurasının üzvü, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov təmsil edib.
Səudiyyə Ərəbistanı Krallığının İnformasiya naziri, UNA-nın İcraiyyə Şurasının sədri Məcid bin Abdullah əl-Qasbinin sədrliyi ilə keçən müzakirələrdə İƏT-in baş katibi Yusif bin Əhməd əl- Useymin, İslam İnkişaf Bankının prezidenti Bəndər bin Məhəmməd Həccar, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, İslam Radioyayım Birliyinin baş direktoru Məhəmməd Salimvaləd Buk, UNA-nın baş direktorunun müavini Zayid Sultan Abdullah, Küveytin Kuna agentliyinin prezidenti Şeyx Mübarək İbrahim əl-Sabah, Birləşmiş Ərəb Əmirliklərinin WAM agentliyinin baş direktoru Məhəmməd Cəlal əl-Raysi və başqaları iştirak ediblər.
Pandemiya dövründə informasiyaya tələbatın artması barədə danışan nazir Məcid bin Abdullah əl-Qasbi deyib: “Mövcud vəziyyət media qurumlarını fəallaşdırıb. Lakin çox sayda müxtəlif KİV-lərin olmasına baxmayaraq, rəsmi xəbər agentlikləri bu dövrdə də doğru-dürüst informasiyanın mənbəyi olaraq qalır. UNA İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsinə daim töhfə verib. Hazırkı mürəkkəb şəraitdə təşkilat milli xəbər agentlikləri ilə sıx təmasda çalışır, ölkələrimizdə baş verənlərlə bağlı dünyanı məlumatlandırmaqda davam edir”.
Forumda çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov koronavirus pandemiyasının mətbuatın məsuliyyətini ikiqat artırdığını, cəmiyyətin real vəziyyətlə bağlı doğru-düzgün məlumatlandırılmasında xəbər agentliklərinin aparıcı yer tutduğunu deyib. “Məhz bizim qurumlar hökumətlərin böhranla mübarizə strategiyasına informasiya dəstəyi göstərir, virusun fəsadlarından daha təhlükəli olan dezinformasiyanın qarşısının alınmasında iştirak edir. Ona görə də agentliklərdə feyk xəbərlərlə mübarizə virusla mübarizə işinin tərkib hissəsinə çevrilməlidir. AZƏRTAC feyk xəbərlərlə mübarizə ilə yanaşı, zəruri olan maarifləndirmə işini də yerinə yetirir, virusla bağlı məlumatlandırıcı materiallar yayır”, – deyə o bildirib.
Azərbaycanda koronavirusa qarşı mübarizədən bəhs edən Aslan Aslanov vurğulayıb ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmizdə pandemiyanın yayılmasına qarşı səmərəli mübarizə aparılır, insanları və biznesi dəstəkləmək üçün sosial və iqtisadi proqramlar reallaşdırılır: “Azərbaycan Prezidentinin koronavirusla mübarizəyə strateji baxışının, birinci xanım Mehriban Əliyevanın davamlı dəstəyinin nəticəsi olan nümunəvi təcrübə və COVID-19-a qarşı mübarizənin Azərbaycan modeli bir sıra ölkələrdə maraqla qarşılanıb. Təsadüfi deyil ki, AZƏRTAC-ın bu mövzuda hazırladığı “Böyük çağırış və liderin xilaskarlıq missiyası” sərlövhəli analitik material 23 ölkənin 45 veb-resursunda, o cümlədən UNA-nın saytında dərc edilib. Bu, əməkdaşlığımızın ən gözəl nümunələrindən biri hesab oluna bilər. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərinin UNA-nın üzvü olan agentliklər tərəfindən geniş işıqlandırılması da pandemiya ilə mübarizədə ümumi informasiya fəaliyyətimizin daha bir diqqətçəkən epizodudur”.
Forumda çıxış edənlər vurğulayıblar ki, pandemiya informasiya təminatında xəbər agentliklərinin cəmiyyətdə rolunun necə əhəmiyyətli olduğunu bir daha göstərdi. Feyk xəbərlərin qarşısının alınması, insanların virusla bağlı maarifləndirilməsi və mütəmadi məlumatlandırılması onların gündəlik fəaliyyətinin əsas hissəsinə çevrilib. Bu dönəmdə agentliklərin əməkdaşlığına, birgə səylərə daha çox ehtiyac duyulur. UNA-nın bu forumunun üzv agentliklər arasında informasiya mübadiləsini intensivləşdirəcəyinə əminlik bildirilib, tədbirin təşkilinə verdiyi dəstəyə görə AZƏRTAC-a minnətdarlıq ifadə olunub.
Sonda forum iştirakçıları birgə bəyanat qəbul ediblər. Sənəddə bildirilir ki, xəbər agentlikləri bundan sonra da insanları məlumatlandırmağı və maarifləndirməyi davam etdirəcəklər. Agentliklər bu istiqamətdə kontent müxtəlifliyini genişləndirməklə cəmiyyətə daha dolğun informasiya çatdıra bilərlər. Bununla əlaqədar UNA agentliklərə peşəkar bacarıqların inkişaf etdirilməsi üçün proqramlar təklif edir.
Bəyanatda İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyinin fəaliyyətinə Azərbaycanın dəstəyi xüsusi vurğulanıb.