Gürcüstan parlamentinin üzvü: “Azərbaycandakı seçkilər regionda demokratiyanın inkişafına bir təkandır”
“Biz Gürcüstan olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini hər zaman dəstəkləyirik”.
Bunu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edən Gürcüstan parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev deyib.
O bildirib ki, Azərbaycan Gürcüstan üçün əsas tərəfdaş ölkədir: “Bu ölkədə gedən hər hansı siyasi proses bizim üçün çox böyük önəm daşıyır. Bu il Gürcüstanda da parlament seçkiləri keçirilməlidir. Azərbaycanda seçkilərin belə demokratik şəraitdə keçirilməsi regionda demokratiyanın inkişafına bir töhfədir, təkandır. Azərbaycan xalqı öz seçimi ilə Azərbaycan dövlətçiliyinə olan dəstəyini bir daha göstərdi”.
S.Mirzəyev vurğulayıb ki, Azərbaycanda keçirilən seçkilər demokratik şəraitdə baş tutub: “Gürcüstandan olan parlament üzvləri olaraq 11 məntəqədə müşahidə keçirdik. Həmin məntəqədə seçicilər, müxtəlif partiya üzvləri və komissiya üzvləri tərəfindən bizə bildirildi ki, seçkilər şəffaf şəraitdə keçirilir. Biz həmçinin bizimlə tərəfdaş olan müşahidəçi missiya olan dövlətlərlə də əlaqə yaratmışdıq. Onlar da qeyd etmişdi ki, həm seçicilər, həm müşahidəçilər üçün yüksək şərait yaradılıb”.