Gürcüstanda 20 Yanvar şəhidinin xatirəsi anılıb
Gürcüstanda 20 Yanvar şəhidi Ələsgər Yusif oğlu Qayıbovun xatirəsi anılıb. “Report”un yerli bürosu xəbər verir ki, şəhidin doğulduğu Saqareco rayonunun Yormuğanlı kəndində 20 Yanvar şəhidlərinin və 9 Aprel hadisəsi qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub. Anım tədbirində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, şəhidin qohumları, tələbə yoldaşları, ziyalılar və səfirlik əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları abidənin önünə gül dəstələri qoyublar, 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub. D.Həsənov 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Gürcüstanda silsilə anım tədbirlərinin keçirildiyini diqqətə çatdırıb. O, 1990-cı ilin Qanlı Yanvar faciəsini Azərbaycan xalqına qarşı törədilən ağır cinayət adlandırıb. Səfir qeyd edib ki, 20 Yanvar qətliamı hüzn və kədər günü olmaqla yanaşı həm də Azərbaycan tarixində qəhrəmanlıq səlnaməsidir.
Daha sonra D.Həsənov və səfirlik nümayəndələri şəhidin yaxınlarını ziyarət ediblər, onların vəziyyətləri ilə maraqlanıblar. Səfirlik adından şəhidin qohumlarına ərzaq sovqatı təqdim olunub. 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri Telavi rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində də təşkil olunub.
Mərasimdə şəhidlərin xatirəsi anılıb, faciənin əks olunduğu videoçarx və fotoşəkillər nümayiş etdirilib. Çıxış edənlər 20 Yanvar hadisələrinə aparan yoldan, bu faciənin Gürcüstan azərbaycanlıları arasında dərin kədər hissi ilə qarşılandığından və onların adından Bakıya göndərilən yardım barədə danışıblar. Sonda ehsan süfrəsi açılıb, şəhidlərin ruhuna dualar edilib.