Gürcüstan Prezidenti: Regiondakı münaqişələr, terrorizm və miqrasiya ümumi təhlükəsizliyimizə ciddi təhdiddir
Regiondakı münaqişələr, terrorizm və miqrasiya kimi məsələlər ümumi təhlükəsizliyimizə çox ciddi təhdiddir. Bunlar bizim tərəfdaşlarımızla daha sıx əməkdaşlıq və informasiya mübadiləsi aparmağımızı zəruri edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili Batumidə keçirilən XIII Beynəlxalq Müdafiə və Təhlükəsizlik Konfransında söyləyib.
Əməkdaşlığın əsas istiqamətlərindən birinin kibertəhlükəsizlik sahəsi olduğunu deyən Gürcüstan Prezidenti bildirib: “Bu gün kibertəhlükəsizlik dünyada əsas çağırışlardan birinə çevrilib. Ötən həftə Gürcüstanda 13 min internet saytına haker hücumları olub. O cümlədən Prezident Administrasiyasının internet səhifəsi kiberhücuma məruz qalıb. Bu, hamını narahat etməli olan çox ciddi problemdir və biz bu cür hücumlara qarşı birgə mübarizə aparmalıyıq”.