Azərbaycanın Təhsil Nazirliyi Gürcüstandakı soydaşlarımıza 20 mindən çox dərslik və dərs vəsaiti göndərib
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstandakı soydaşlarımız üçün yeni dərsliklər göndərib.
AZƏRTAC xəbər verir ki, 2019-2020-ci tədris ili üçün nəzərdə tutulan dərsliklər sentyabrın 5-də Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.
Ölkəmizin Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Sərxan İsmayılov jurnalistlərə bildirib ki, Azərbaycanın Təhsil Nazirliyi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün dərsliklər göndərir. Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırığına əsasən, nazirlik bu il də Gürcüstana yeni dərsliklər göndərib.
Sərxan İsmayılovun sözlərinə görə, bu günədək Azərbaycanın Təhsil Nazirliyi Gürcüstandakı soydaşlarımıza 600 minə yaxın dərslik və digər metodik vəsait göndərib. Bu gün isə Gürcüstan tərəfinə 20 min 622 ədəd Ana dili və ədəbiyyatı dərsliyi və müəllimlər üçün metodik vəsait təqdim olunub. Bu dərslik və metodik vəsait azərbaycandilli məktəblərə paylanacaq.