KİV: Gürcüstan hökumətində dəyişikliklər gözlənilir
Gürcüstan hökumətində payız aylarında kadr dəyişikliklərinin olacağı gözlənilir.
Bu barədə Gürcüstan mətbuatı yazıb.
Məlumatlara əsasən, hakim Gürcü Arzusu Partiyasında siyasi katib İrakli Qaribaşvilinin tərəfdarlarının baş nazir postuna öz namizədləri var. Partiyanın sədri Bidzina İvanişvilinin isə hökumət başçısı vəzifəsinə hazırkı daxili işlər naziri Giorgi Qaxarianın gətirilməsini dəstəklədiyi bildirilir.
Yayılan məlumatları şərh edən baş nazir Mamuka Baxtadze kökumətdə dəyişikliklərin olacağını nə təkzib, nə də təsdiq edib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı sual mütəmadi olaraq qalxır: “Təəssüflər olsun ki, bu, Gürcüstan siyasəti üçün xarakterikdir”.
Məsələyə münasibət bildirən hakim partiyanın rəhbərlik etdiyi parlament çoxluğunun lideri Gia Volski öz növbəsində nazirlər kabinetində dəyişikliklərin olacağını istisna etməyib.