Qəzaya uğrayan hərbi təyyarənin axtarışlarına helikopter, gəmi və qayıqlar cəlb olunub
Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan MiQ-29 təyyarəsinin axtarışları havadan və dəniz səthində aparılır.
Əməliyyat-axtarış tədbirlərinə helikopter, gəmi və qayıqlar cəlb olunub.
Eyni zamanda axtarışlarda müasir avadanlıqlarla təchiz edilmiş hərbi texnikalardan, mobil komanda idarəetmə mərkəzindən istifadə edilir.
Təyyarənin qəzaya uğradığı ehtimal olunan ərazi istiqamətində – Xəzər dənizinin sahilində əməliyyat qərargahı yaradılıb.
Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov qərargahda olub. Nazirə əməliyyat-axtarış tədbirlərinin gedişatı barədə məruzə olunub.
Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Hərbi təyyarə Xəzər dənizinə düşüb.