XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman yarışlarına yekun vurulub
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) idman yarışlarına yekun vurulub.
EYOF-un qalibi ümumilikdə 66 medal – 28 qızıl, 17 gümüş və 21 bürünc qazanan Rusiya yığması olub. Böyük Britaniya komandası 11 qızıl, 12 gümüş və 2 bürünc medalla 2-ci yeri tutub. Aktivində 11 qızıl, 6 gümüş və 10 bürünc medal olan Türkiyə yığması isə 3-cü pillədə qərarlaşıb.
Hesabında 10 qızıl, 7 gümüş və 6 bürünc olan Azərbaycan millisi isə festivalı 4-cü sırada başa vurub.
Festivalın bağlanış mərasimi bu gün saat 20:30-da Bakı Kristal Zalında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisinə ən çox medalı güləşçilər qazandırıb. Ümumilikdə 23 medaldan 16-sı pəhləvanların payına düşüb. Fərid Sadıqlı, Qurbanov Qurban, Elmir Əliyev, Həsrət Cəfərov, Xasay Həsənli (hamısı yunan-Roma güləşi), Murad Haqverdiyev, Kənan Heybətov, Cəbrayıl Hacıyev (hamısı sərbsət güləş), Hüseyn Məmmədov və Turan Bayramov (hər ikisi cüdo) qızıl medal götürüb.
Gültəkin Şirinova, Elnurə Məmmmədova, Mərziyə Sadıqova (hamısı qadın güləşi), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi sərbəst güləş), Səməd Məmmədli (idman gimnastikası) və Vüqar Talıbov (cüdo) gümüş medala layiq görülüb.
Şükran Zamanlı, Məhərrəm İmamverdiyeva, Gülşən Bəşirova (hamısı cüdo), Mircavad Nəbiyev (sərbsət güləş), Nihat Məmmədli (yunan-Roma) və Nigar Mirzəzadə (qadın güləşi) isə bürünc medal qazanıb.