Tbilisidə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafında QHT-lərin rolu müzakirə olunub

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının bir qrup Qeyri-Hökumət Təşkilatının (QHT) üzvləri Tbilisidə gürcü həmkarları ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində keçirilən görüşdə QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
İkitərəfli əlaqələrin inkişafında QHT-lərin mühüm rol oynadıqları xüsusi qeyd edilib.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva çıxış edərək Azərbaycan ilə Gürcüstan arasında mehriban qonşuluq münasibətlərindən danışıb. Bildirib ki, iki ölkənin vətəndaş cəmiyyəti institutları arasındakı əlaqələr daha da genişləndirilməlidir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixindən söz açıb, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.
O qeyd edib ki, ölkələrimiz arasında mövcud olan dostluğun daha da möhkəmlənməsində və genişlənməsində QHT-lərin üzərinə böyük vəzifə düşür.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının katibi Nərgiz Xələf mayın 28-nin Azərbaycan üçün qürurlu tarix olduğunu deyib. Bildirib ki, bu əlamətdar tarixlə əlaqədar Azərbaycanın aparıcı QHT-lərinin nümayəndələri AXC-nin elan olunduğu Tbilisi şəhərinə səfəri həm də, ikitərəfli münasibətlərimizin inkişafına xidmət edir.
Onun sözlərinə görə, Gürcüstanda vətəndaş cəmiyyəti əsas sektorlardan biridir və kifayət qədər güclüdür. Məqsədimiz Azərbaycan və Gürcüstan QHT-ləri arasında əməkdaşlığı daha da genişləndirməkdir.
Gürcüstan-Azərbaycan Mədəni Əlaqələrinin İnkişafı Fondunun sədri Simon Kopadze Azərbaycan nümayəndə heyətini Respublika Günü münasibətilə təbrik edib. O, Gürcüstan və Azərbaycan arasındakı dostluğun sarsılmaz olduğunu qeyd edərək iki ölkənin QHT-ləri arasındakı sıx əməkdaşlığın zəruriliyini vurğulayıb.
S.Kopadze Azərbaycan QHT-ləri ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Görüş QHT sektor təmsilçiləri arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi ilə davam etdirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey