Prezident seçkilərindən bir il ötür — Kiçik dövlətin dünya arenasında BÖYÜK TƏMSİLÇİSİ

Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir. Azərbaycan təbii və maddi mədəniyyət inciləriylə zəngin ölkə olaraq dünyada tanınsa da, onun dünyada tanınması və nüfuzlu bir ölkəyə çevrilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna rolu oldu. Heydər Əliyev müasir Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında, möhkəmləndirilməsində, həmçinin dünya birliyində öz nüfuzunu yüksəltməsində misilsiz rola malik bir lider oldu. Məhz ona görə də müasir Azərbaycan ulu öndərin əsəri hesab olunur.

Faktdır ki, iyirminci əsrdə ikinci dəfə qazandığı dövlət müstəqilliyinin ilk illərində xarici əlaqələrində ciddi problemlər yaşamaqla yanaşı, dövlət müstəqilliyi ciddi təhdid altında idi. Azərbaycan ancaq uzaqgörən və müdrik dövlət siyasətçisi H.Əliyevin siyasəti nəticəsində bu təhdid və təhlükələrdən xilas olaraq davamlı inkişaf yoluna qədəm qoydu. Azərbaycanın inkişafı, təhlükəsizliyi, müstəqilliyi dönməz bir prosesə çevrildi. Bununla da Azərbaycan təkcə yerləşdiyi regionda yox, daha böyük bir məkanda əsas söz sahiblərindən birinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin bu siyasətini onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. İlham Əliyev Prezident seçildiyi 2003-cü ildən bu günə kimi ölkəmizin beynəlxalq miqyasda mövqelərini möhkəmləndirməklə, dünyanın aparıcı ölkələri ilə bərabərhüquqlu səviyyədə əməkdaşlıq edərək, inkişaf etmiş ölkələr sırasında yer almasına nail olub. Azərbaycan dünya çapında kiçik ölkə olmasına baxmayaraq, İlham Əliyev kimi müdrik, uzaqgörən, dövlətinin və millətinin maraqlarını hər şeydən üstün tutan bir siyasətçi hesabına son 15 ildə dünyada mövqelərini möhkəmlətməklə, nüfuzlu bir ölkəyə çevrildi. Azərbaycan prezidenti öz fəaliyəti ilə kiçik dövlətin dünya arenasında BÖYÜK TƏMSİLÇİSİ olmaq hüququnu qazandı. Azərbaycan Prezidenti İlham Əliyevin millətin və dövlətin beynəlxalq arenada layiqli təmsilçisi olduğuna görə də 2018-ci ilin aprelin 11-də keçirilən seçkilərdə xalqın növbəti 7 il üçün etimadını qazandı.

Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətini şərh edən millət vəkili Cavid Osmanov “Ölkə.Az”a açıqlamasında deyib ki, cənab İlham Əliyev öz fəaliyyəti ilə kiçik dövlətin böyük hərflərlə qeyd olunacaq səviyyədə LAYİQLİ TƏMSİLÇİSİ olmağı bacardı.

“Azərbaycan Prezidentinin xarici siyasətinin ana xəttini milli maraqlara söykənən dünyada böyük nüfuza malik, inkişaf etmiş modern bir ölkə kimi formalaşması təşkil edir. Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərdi. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. Bunu sübut edən ən böyük faktlardan biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi oldu. Müstəqillik tariximizin ən böyük nailiyyəti olan bu hadisə Azərbaycanda yürüdülən siyasətə və ən nəhayət, beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin təzahürünə çevrildi. Bu, dünya ictimaiyyətinin Azərbaycana olan inamını, etimadını göstərdi.

BMT Təhlükəsizlik Şurasına ikiillik üzvlükdən sonra Avropa Şurası Nazirlər Komitəsinə sədrliyin Azərbaycana həvalə olunması da mühüm əhəmiyyət kəsb edir. Diplomatiya tariximizin mühüm uğuruna çevrilən bu hadisə ölkəmizin Avropa ailəsinin üzvü olmaq istiqamətində müvəffəqiyyətli addımlar atmasının, özünün demokratik imicini daha da möhkəmləndirməsinin, ümumavropa dəyərləri xəzinəsinə mühüm töhfələr verməsinin təsdiqi kimi də xarakterizə olunur”, – deyə millət vəkili vurğulayıb.

C.Osmanov əlavə edib ki, Azərbaycanın müstəqilliyinin dönməzliyinə nail olmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək kimi mühüm vəzifələrin öhdəsindən uğurla gələn Prezident İlham Əliyev Şərqlə Qərb arasındakı münasibətlər sistemində ölkəmizin özünəməxsus yerini daha da möhkəmləndirdi:

“Məhz onun bu uzaqgörən siyasəti nəticəsində erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edildi, dünya birliyi onların əsl simasını gördü. Azərbaycan Prezidenti Qarabağ uğrunda müharibəni hücum diplomatiyasına keçirərək beynəlxalq təşkilatların diqqətini bu problemə yönəltdi. Bununla da dünya birliyi Xocalı soyqırımını tanımağa və pisləməyə başladı. Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Azərbaycan öz siyasəti ilə bütün dünyada sülhsevər, sivilizasiyalı ölkə kimi tanındı, Avropanın və dünyanın ən böyük və nüfuzlu ölkələri ilə qarşılıqlı münasibətlər yaratmaq üçün ciddi iş aparıldı. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçuya çevrildi. Bax, bu uzaqgörən siyasəti nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev kiçik dövlət anlayışını da alt-üst edərək sübut etdi ki, dünyada kiçik dövlət və ya kiçik xalq anlayışı nisbidir. Əgər onun layiqli lideri varsa, o, dünyanın sayılıb seçilən, hörmət edilən bir dövlətinə və xalqına çevrilir. Cənab İlham Əliyev buna nail oldu və 2018-ci ildə növbəti dəfə də xalqın etimadını qazandıqdan sonra yürütdüyü xarici siyasətində Azərbaycanın dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilməsi istiqamətində siyasətini davam etdirmək oldu. Bu baxımdan ötən bir il Azərbaycanın xarici siyasət sahəsində də uğurlu bir il oldu. Ölkə başçısı son bir ildə 15-dən artıq ölkəyə səfər etdi. Bundan əlavə olaraq Azərbaycana da 15-dən artıq dövlət və hökumət başçısı səfər edib. Bu, bir daha Azərbaycanın xarici siyasətinin çoxşaxəlilyini, ölkəmizlə əməkdaşlıq edən ölkələrin sayının gündən-günə artdığını göstərir. Bu ancaq İ.Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində mümkün olub. İstər xarici səfərlər, istərsə də Azərbaycana edilən bu yüksəksəviyyəli görüşlərdə həmin ölkələrlə münasibətlərimizin daha yüksək səviyyəyə qaldırılması müzakirə olunub və bu istiqamətdə konret addımlar atılıb”, – deyə deputat bildirib.

C. Osmanov qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycanı dünyada layiqli təmsil etməsi nəticəsində ölkəmiz müsəlman aləmində çox böyük hörmət, nüfuz qazanıb:
“Azərbaycanın İslam həmrəyliyi ilə bağlı atdığı addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir və bu sahədə verdiyimiz töhfə çox təsirlidir. Yəni, bizim apardığımız siyasət İslam aləmində həmrəyliyi, əməkdaşlığı möhkəmləndirir. Həm ölkə daxilində, həm xaricdə bu istiqamətdə keçirdiyimiz tədbirlər İslam birliyini daha da möhkəmləndirir. Bu istiqamətdə həyata keçirilən siyasət müsəlman aləmində ölkəmizin nüfuzunun, çəkisinin, rolunun daha da artacaq.Yürüdülən uğurlu xarici siyasətin digər göstəricisi isə ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetləri adlı mühüm sənəd imzalanmasıdır. Bu sənəddə bir çox məsələlər öz əksini tapır, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər çox müsbət xarakter alır. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Hesab edirəm ki, son illər ərzində bu istiqamətdə aparılan işlər arasında bu sənədin xüsusi yeri vardır. Beləliklə, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz fikrini birmənalı şəkildə ortaya qoyur. Eyni zamanda, keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilərək, yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapıb.

Ötən il Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində böyük konfrans keçirilməsi, bu il isə Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək. Azərbaycan bu böyük təşkilata sədrlik edəcək. Əlbəttə ki, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etmək bizim nüfuzumuzu daha da artıracaq, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcəkdir.
Xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri də Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi idi. İmzalanmış Konvensiya bu məsələnin həlli üçün çox böyük əhəmiyyət daşıyır. Ölkə başçısının qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycanın mövqeyi bu Konvensiyada tam öz əksini tapıb. Hesab edirəm ki, bu sənədin imzalanması hər bir Xəzəryanı ölkənin böyük diplomatik və siyasi uğurudur”.

Deputat onu da bildirib ki, Azərbaycan Prezidentinin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz dünyanı narahat edən məsələlərin dialoq mərkəzinə çevrilib:

“Hər il ölkəmizdə bir neçə beynəlxalq səviyyəli tədbirlər keçirilir və burada dünyanı narahat edən və qarşısında duran çağırışlar müzakirə olunur. Burada bir məqamı da qeyd etmək istərdim ki, Azərbaycanın qonşuları ilə çox yüksək səviyyədə əlaqə qurması və onlarla transmilli layihələri həyata keçirməsi Ermənistanı çıxılmaz duruma salıb. Ermənistanın işğalçılıq siyasətinə qarşılıq olaraq Azərbaycanın işğlaçı ölkəni təcrid siyasəti öz bəhrəsini verməkdədir. Ermənistan nəinki regional layihələrdən kənarda qalaraq ağır iqtisadi-sosial duruma düşüb, eyni zamanda müttəfiq hesab etdikləri ölkələr belə bu işğalçı ölkəyə üzləşdiyi durumda yardım etmək istəmir və ondan üz döndərib”.

Deputat deyib ki, Prezident İlham Əliyev təkcə Azərbaycan xalqının deyil, eyni zamanda bütövlükdə Türk dünyasının beynəlxalq layiqli təmsilçisi hesab olunur:

“Çünki Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr Türk dünyasının inteqrasiyasında müstəsna rol oynayıb. Bundan əlavə olaraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 10 il əvvəl Azərbaycanda yaranıb və bu təşkilat artıq dünyanın aparıcı regional nüfuzlu təşkilatlarından birinə çevrilib. Bu il isə Şuranın 10 illik yubileyi yenə də Azərbaycanda keçiriləcək. Təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi “qara günlərin” dostu adlandırıb. Azərbaycan prezidenti Türkiyədə dövlət çevrilişinə edilən zaman qardaş ölkənin yanında oldu. Prezident İlham Əliyev Praqada “Şərq tərəfaşlığı”nın 5 illiyinə həsr olunmuş sammitdə Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyənin ünvanına səsləndirdiyi ittihamları qətiyyətlə rədd edərək, ona sərt formada etiraz edib. Bildirib ki, bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam və mən onların əvəzində cavab verə bilərəm, deməsi bütün Türk dünyasında böyük rezonansa səbəb oldu. Yetərincə belə misallar çəkmək olar. Bu bir daha sübut edir ki, Azərbaycan Prezidenti təkcə ölkəmizi deyil, eyni köklərə malik olan ölkələrin də maraqlarını beynəlxalq aləmdə müdafiə edən bir liderdir. Bu bir daha onun necə uzaqörən, müdrik, qətiyyətli, prinspial mövqeyə malik bir dahi siyasətçi olduğunu sübut edir. Ona görə də təkcə Azərbaycanda deyil, digər ölkələrdə də böyük nüfuza malikdir. Məhz ona görə də Azərbaycan xalqı onun bu mövqeyini bilir və ona etimad edir. Bilir ki, onu dünya çapında layiqli bir təmsilçisi varsa, o da Prezident İlham Əliyevdir. Onun da ətrafında sıx birləşərək uğurlu sabahlara doğru gedir”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey