Qar uçqununda həlak olan hərbçi Qazaxda dəfn edilib
Müdafiə Nazirliyinin qar uçqununa düşərək həlak olan hərbi qulluqçularından biri – Abdullayev Hafiz Məhəd oğlu Qazaxda dəfn olunub.
O, doğulduğu Yuxarı Salahlı kəndində torpağa tapşırılıb. Dəfn mərasimində şəhər ictimaiyyəti, hərbçilər və H.Abdullayevin yaxınları iştirak edib.
Ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin – H.Abdullayevin nəşi tapılıb.
Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.