Avropalı liderlər Ukraynanı çoxmillətli qüvvələrlə təminat altına almaq istəyirlər
Rusiya–Ukrayna müharibəsinin dayandırılması məqsədilə Berlində “istəkli ölkələr koalisiyası”na daxil olan 14 ölkənin dövlət və hökumət başçıları, həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndələrinin iştirakı ilə sülh danışıqları keçirilib.
Görüşün yekununda yayılan birgə bəyanatda Ukrayna üçün ABŞ-ın dəstəyi və Avropanın rəhbərliyi ilə fəaliyyət göstərəcək “Ukrayna üçün çoxmillətli qüvvə”nin yaradılmasına dəstək ifadə olunub. Qüvvənin Ukrayna Silahlı Qüvvələrinin bərpasına, hava məkanının və dəniz təhlükəsizliyinin təmininə töhfə verməsi nəzərdə tutulur.
Bəyanatda sülh sazişi əldə olunacağı təqdirdə Ukrayna ordusuna uzunmüddətli dəstəyin göstərilməsi və şəxsi heyətin sayının 800 minə çatdırılması planlaşdırıldığı bildirilib. ABŞ-ın atəşkəsə nəzarət və yoxlama mexanizmi yaratması da sənəddə yer alıb.
Eyni zamanda Ukraynanın iqtisadi bərpası, investisiyaların artırılması, Rusiyanın vurduğu zərərə görə kompensasiya məsələsi və Ukraynanın Avropa İttifaqına üzvlüyünə qəti dəstək vurğulanıb.
