Rusiya Ukrayna SES-lərinə raket zərbələri endirib, elektrik enerjisi istehsalı dayanıb
Ukraynada bütün dövlət istilik elektrik stansiyalarının fəaliyyəti dayandırılıb. Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji infrastrukturuna “Kinjal” hipersəsli raketləri də daxil olmaqla rekord sayda zərbələr endirib. Hücum nəticəsində ölkədə elektrik enerjisi istehsalı tamamilə dayanıb.
Məlumata görə, hücum zamanı Rusiya ordusu 20-dən çox “İskəndər”, 200-dən artıq “Geran” və “Gerber” pilotsuz uçuş aparatı, eləcə də təxminən 10 “Kinjal” raketindən istifadə edib. Zərbələr nəticəsində Pridneprovska SES, Dneprovska SES, Kremençuq SES, Zmiyov İES və Tavriçesk İES hədəfə alınıb.
Bundan əlavə, Pavloqradda yerləşən kimya zavodu, Xarkov, Poltava və Çerniqov vilayətlərindəki neft obyektləri də hücumlara məruz qalıb. Rusiya qüvvələri həmçinin Vasılkivdəki Ukrayna Silahlı Qüvvələrinin hərbi aerodromunu və Kiyev vilayətinin Qostomel qəsəbəsində yerləşən Antonov aerodromunu vurub.
Zərbələr eyni zamanda Ukraynanın nəqliyyat infrastrukturuna da yönəlib. Poltava vilayətindəki dəmir yolu deposu hədəfə alınıb, bir neçə lokomotivin zədələndiyi bildirilir.
