Hakan Fidan ABŞ Dövlət katibinə Suriyaya qarşı sanksiyaların ləğvinin əhəmiyyətindən danışıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı Suriyaya qarşı tətbiq olunan sanksiyaların ləğvinin bu ölkədə sabitliyin və rifahın təmin olunması baxımından mühüm rol oynadığını bildirib.
“Dalğatv” “AZƏRTAC”a istinadən xəbər verir ki, tərəflər söhbət zamanı Suriya ilə yanaşı, Yaxın Şərq və Ukraynadakı son vəziyyəti də müzakirə ediblər.
Görüşdə HƏMAS tərəfindən saxlanılan ABŞ vətəndaşı Edan Aleksandrın azad edilməsinin vacibliyi vurğulanıb. Həmçinin Rusiya və Ukrayna arasında planlaşdırılan danışıqlarla bağlı fikir mübadiləsi aparılıb.
Fidan və Rubio, mayın 14-15-də Antalyada keçiriləcək NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısının detalları barədə də danışaraq, mövcud regional və beynəlxalq məsələləri nəzərdən keçiriblər.