Azərbaycan-Gürcüstan diplomatik münasibətlərinə həsr olunmuş yeni elmi nəşr işıq üzü görüb

Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Hacıyevin (Fəxri Valehoğlu) müəllifliyi ilə “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər): Diplomatik missiyaların fəaliyyəti prizmasından baxış” adlı elmi monoqrafiya nəşr olunub.

“Dalğatv”  “Azərtac”a istinadən xəbər verir ki, AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilən nəşrdə 1918–1922-ci illərdə Cənubi Qafqazda baş verən hərbi-siyasi proseslər fonunda Azərbaycan və Gürcüstan arasında formalaşan diplomatik münasibətlər elmi əsaslarla araşdırılıb. Kitabda Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan İctimai Şura Cümhuriyyətinin (Azərbaycan SSR) Tiflis və Batum şəhərlərində, eləcə də Gürcüstan Demokratik Respublikasının Azərbaycandakı diplomatik nümayəndəliklərinin fəaliyyəti geniş şəkildə təhlil olunub.

Tədqiqat əsasında həmin dövrə dair diplomatik missiyaların strukturu, kadr tərkibi, siyasi fəaliyyəti, təsərrüfat və maliyyə təminatı kimi məsələlərə ilkin mənbələr əsasında ətraflı şəkildə toxunulub. Müəllif qeyd edir ki, sözügedən proseslər Qafqazda müstəqil dövlətlərin yaranması ilə nəticələnmiş və bu tarixi mərhələ, eyni zamanda, Azərbaycan və gürcü ziyalılarının milli oyanış, maarifçilik və ictimai-siyasi mübarizə səylərinin məntiqi nəticəsi olmuşdur.

Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Kərim Şükürov, rəyçiləri isə tarix elmləri doktorları Vasif Qafarov və İlqar Niftəliyevdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey