Tbilisidə “Maarif Təşkilatı”nın rəhbəri Ələddin Qaradağlının 70 illik yubileyi qeyd olunub
Gürcüstanda Azərbaycan dilində nəşr olunan, Azərbaycan dilinin, mədəniyyətinin təbliğində, gənc nəslin maariflənməsində xüsusi rolu olan “Maarif” qəzetinin 20 illik, bu nəşrin baş redaktoru və “Gürcüstan Maarif Təşkilatı”nın rəhbəri Ələddin Qaradağlının isə 70 illik yubileyi qeyd olunub.
Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, elm, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Beynəlxalq Qafqaz Universitetinin assosiativ professoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayeva tədbiri açaraq Ələddin Qaradağlının həyat və yaradıcılığından söz açıb, yubilyarın rəhbərlik etdiyi qurumun və “Maarif” qəzetinin cəmiyyətimizdəki rolundan danışıb. Bildirib ki, Ə.Qaradağlı ömrünün böyük bir hissəsini elmə, gənc nəslin təlim-tərbiyəsinə, mədəniyyətimizin, ədəbiyyatımızın təbliğinə həsr edib. Onun müəllifi olduğu elmi, bədii, publisistik məqalələrdə, əsərlərdə vətənpərvərlik, Azərbaycan dili və ədəbiyyatı, gənc nəslin ana dilimizə marağının artırılması məsələləri əsas yer tutub.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Anar Rəsulov çıxış edərək Ələddin Qaradağlını yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Diplomat bildirib ki, bu gün Gürcüstanda 100 yaşlı “Gürcüstan” qəzeti, 20 yaşlı “Maarif” qəzeti və digər nəşrlər təkcə Azərbaycan dilli əhalinin maariflənməsində deyil, digər xalqların da mədəni irsimizlə tanışlığında mühüm rol oynayırlar.
Daha sonra “Gürcüstan” qəzetinin baş redaktoru Xaləddin Yolçuyev, Gürcüstan parlamentinin sabiq deputatı Ruslan Hacıyev, tərcüməçi jurnalist Mirzə Maşov, Marneulidəki Azərbaycanlıların İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyev və başqaları çıxış edərək “Maarif” qəzeti barədə fikirlərini bölüşüb, Ələddin Qaradağlını təbrik edib, ona uğurlar arzulayıblar.
Tədbirdə həmçinin, Təhsil nazirliyinin etnik azlıqların dilləri üzrə eksperti Despine Koiavanın da təbrik məktubu oxunub.
Ələddin Qaradağlı sonda çıxış edərək onun yaradıcılığına, əməyinə verilən yüksək qiymətə, söylənilən səmimi fikirlərə və təbriklərə görə təşəkkürünü bildirib.