Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Report” xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun böyük tərkibdə Azərbaycana səfərinin əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Azərbaycan ilə Türkiyənin bu gün dünyada bir-birinə ən yaxın ölkələr olduğunu deyən Prezident İlham Əliyev dövlət başçıları səviyyəsində keçirilən görüşlərin və müxtəlif səviyyəli qarşılıqlı səfərlərin dostluğumuzun daha da möhkəmlənməsi və iş birliyi üçün yeni sahələrin müəyyən edilməsi baxımından önəmli olduğunu deyib. Keçən il Rəcəb Tayyib Ərdoğanla həm Türkiyədə, həm Azərbaycanda və eyni zamanda beynəlxalq tədbirlər çərçivəsində görüşlərini məmnunluqla xatırlayan dövlət başçısı Türkiyə Prezidentinin iştirakı ilə Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda Azərbaycan və Türkiyə əsgərlərinin təntənəli keçidini dostluq və qardaşlıq bayramı kimi dəyərləndirib. Prezident İlham Əliyev ötən ilin ölkələrimiz üçün eyni zamanda önəmli enerji layihələri olan TANAP-ın və “STAR” neft emalı zavodunun açılışı ilə də yadda qaldığını deyib.
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım nümayəndə heyətini qəbul etdiyinə görə dövlət başçısına minnətdarlığını bildirərək Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, Türkiyə-Azərbaycan əlaqələrinin bu gün ən yüksək səviyyədə olduğunu qeyd edərək xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini böyük ehtiramla xatırladıb. Türkiyəli qonaq qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb və sürətli inkişafa nail olub. O, rəhbərlik etdiyi Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməcəyini vurğulayıb.
Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
Sonda xatirə şəkli çəkdirilib.