Gürcüstanda azərbaycanlıların yaşadığı rayon fasiləsiz içməli su ilə təmin olunacaq

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonu iki ildən sonra fasiləsiz içməli su ilə təmin olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bildirib.

Onun sözlərinə görə, hazırda Marneuli əhalisinin 83 faizi gün ərzində 5-6 saat qrafiklə içməli su ilə təmin olunur: “Marneuli rayonunda su təminatının yaxşılaşdırılması istiqamətində layihə həyata keçirilir. Layihənin 2021-ci ilin mart ayında başa çatdırılması planlaşdırılır”.

M.Tskitişvili deyib ki, layihənin reallaşdırılmasından sonra Marneuli rayonu və kəndlərinin 35 200-ə yaxın sakini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaq.
Nazir vurğulayıb ki, layihəyə kanalizasiya sisteminin də qurulması daxildir və nəticədə Marneuli, Bolnisi və Qızılhacılı kəndinin 38 minə yaxın sakini kanalizasiya infrastrukturundan istifadə edə biləcək.

Qeyd edək ki, dəyəri, təqribən, 56 mln. dollara yaxın olan infrastruktur layihəni Asiya İnkişaf Bankı maliyyələşdirir. Tikinti işlərini Azərbaycanın “Akelik Group” şirkəti həyata keçirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey