Gürcüstan azərbaycanlılarından dövlət qarşısında ciddi tələb
Elə ahıl insanlar var ki, onların övladları Azərbaycanda yaşayır və işləyirlər
Yanvarın 10-nu Gürcüstanda yaşayan Azərbaycanlıların miqrasiya sahəsindəki problemlərinə dair bir qrup Borçalı əsilli azərbaycanlının iştirakı ilə mətbuat konfransı keçirilib.
24News.ge xəbər verir ki, tədbirdə çıxış edən Qafqazşünas Kamran Ramazanlının sözlərinə görə, Gürcüstandan Azərbaycan Respublikasına 4 qrup insan gəlir. Bunlar tələbələr, işləməyə gələnlər, dədə-baba yurdundan qovulanlar və qarışıq nikahlı ailələrdir: Əsas problem işləməyə gələnlərlə bağlı olur. Çünki iş icazəsi almaq üçün rüsumlar çoxdur, tibbi müayinələrin qiyməti çox bahadır. Gürcüstanda isə iş yerləri çox məhduddur. Buna görə də soydaşlarımız daha çox Türkiyəyə və Azərbaycana çox üz tuturlar.
Gürcüstan azərbaycanlıları kütləvi şəkildə Türkiyəyə üz tuturlar.
Bilirsiniz, Rusiyaya gediş-gəliş də məhduddur. Türkiyəyə və Azərbaycana iş dalınca gedənlərin ailələri Gürcüstanda qalır. Onlar iş müddəti bitəndə geri qayıdırlar. İş üçün Belarusiyaya və digər ölkələrə gedənlər isə geri qayıtmır, ailələrində ciddi problemlər yaranır – deyə o əlavə edib.
K.Ramazanlı qeyd edib ki, Z.Qamsaxurdiyanın hakimiyyəti dövründə Bolnisi rayon mərkəzindən (800 ailə), Kazreti qəsəbəsindən (350-dən çox ailə), Dmanisi rayon mərkəzindən (400 dən çox), Tiflis ətrafından (615 dən çox ailə) qısa müddətdə öz ev-eşiklərindən uzaq düşüblər.
Onların böyük əksəriyyəti Azərbaycana gəlsə də, bu günə qədər istər Gürcüstanda, istərsə də Azərbaycanda onların statusuna aydınlıq gətirilməyib: Hətta Azərbaycan ordusunda xidmət etmiş yüksək rütbəli zabitlər var ki, onlar da Azərbaycan vətəndaşlığı ala bilməyiblər.
Ramazanlı bildirib ki, 30000-ə yaxın qarışıq nikahlı ailələr var ki, bu ailələrin üzvlərindən biri Azərbaycan, digəri Gürcüstan vətəndaşıdır. Onların da 90 gündən bir sərhədi keçməsi, övladlarının təhsil problemləri və s. var. Bu qrupun da statusuna aydınlıq gətirilməlidir.
Gürcüstanda 500 minə yaxın soydaşımız yaşayır. Təxminən o qədər də Borçalı əsilli vətəndaşlar Azərbaycanda yaşayır. Hər bir ailənin bir üzvü Azərbaycandadır. Elə ahıl insanlar var ki, onların övladları Azərbaycanda yaşayır və işləyirlər. Ahıl insanlara orada diqqət və qayğı göstərən olmadığından onlar məcburiyyətdən Azərbaycana, öz övladlarının yanına gəlməyə məcbur olurlar. Onların da qeydiyyatından bir gün keçsə, 300-400 manat cərimə ödəməli olurlar – deyə K.Ramazanlı qeyd edib.
Daha sonra o təklif edib ki, Dövlət Miqrasiya Xidməti ziyalılar və QHT-lərlə birlikdə ictimai dinləmə keçirsin və Milli Məclislə birlikdə problemlərin tam aradan qaldırılması üçün Soydaş haqqında qanunun qəbulunda iştirak və yardım etsin.
Tədbir müzakirələrlə davam edib.