Azərbaycanın da qatıldığı “NATO-Gürcüstan Təlimi 2019”un rəsmi açılış mərasimi keçirilib
Tbilisidə “NATO-Gürcüstan 2019” çoxmillətli komanda-qərargah hərbi təlimlərinin rəsmi açılış mərasimi keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Müdafiə Nazirliyinin “Armyhall” zalında baş tutan tədbirdə müdafiə nazirinin müavini Lela Çikovani, NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) rəis müavini, briqada generalı Ladislav Jung, digər rəsmi şəxslər və hərbçilər iştirak ediblər.
L.Jung bildirib ki, hərbi təlimlərin keçirilməsi NATO və Gürcüstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirir: “Təlimlərin keçirilməsində əsas məqsəd NATO-ya üzv və Alyansın tərəfdaşları olan ölkələrin müdafiə imkanlarının gücləndirilməsi və təcrübə mübadiləsinə nail olmaqdır. Gürcüstan NATO-ya üzv olmayan yeganə dövlətdir ki, Alyansın genişmiqyaslı təlimlərinin keçirilməsinə dəstək göstərir. Hərbçilərə uğurlu və məhsuldar təlimlər arzu edirəm”.
L.Çikovani Gürcüstanın NATO təlimlərinə növbəti dəfə ev sahibliyi etməsindən qürur duyduğunu deyib: “NATO və Gürcüstan arasında münasibətlər dinamik və intensiv inkişaf edir. “NATO-Gürcüstan 2019” təlimləri bunu bir daha sübut edir. Bu təlimlər həmçinin Gürcüstanın NATO-ya üzv olması üçün hazırlıq səviyyəsinin gücləndirilməsinə xidmət edir”.
Martın 29-na qədər davam edəcək təlimlərdə 24 ölkə – Albaniya, Belçika, Bolqarıstan, Çexiya, Almaniya, Danimarka, Estoniya, Fransa, Yunanıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Türkiyə, ABŞ, Azərbaycan, Gürcüstan və İsveçdən olan, ümumilikdə, 350-yə yaxın hərbçi iştirak edəcək.
Təlimlər Tbilisi yaxınlığında NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi (JTEC) və Krtsanisi Milli Təlim Mərkəzində keçiriləcək.
Azərbaycanlı hərbçilər “NATO-Gürcüstan 2019” hərbi təlimlərinə martın 21-də qatılacaqlar.
Təlimə Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC), BMT-nin Sülhməramlı Əməliyyatlar üzrə Departamenti (DPKO) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) müşahidəçi və mentor qismində cəlb olunacaqlar.
Qeyd edək ki, birinci “NATO-Gürcüstan Təlimi” 2016-cı ildəkeçirilib.