Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropanın gələcəyi və mədəni kimlik məsələləri ilə bağlı mühüm fikirlər səsləndirib.
Budapeştdə keçirilən Avropa İttifaqına üzv və tərəfdaş ölkələrin parlament sədrlərinin konfransında çıxış edən Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropanın gələcəyi və mədəni kimlik məsələləri ilə bağlı mühüm fikirlər səsləndirib.
“Dalğatv” xəbər verir ki, Papuaşvili çıxışında son dövrlərdəki geosiyasi dəyişikliklərin Avropa İttifaqında mədəni identikliyin rolunu ön plana çıxardığını bildirib. Onun fikrincə, digər dünya regionlarının iqtisadi və hərbi gücünün artması fonunda Avropanın cavabı ortaq dəyərlər, mədəni irs və gələcəyə dair vahid baxış əsasında formalaşmalıdır: “Avropanın gələcəyi süni ideoloji modellərə deyil, sivilizasiyanın zamanla sübut olunmuş dəyərlərinə əsaslanmalıdır. Bu, birtərəfli diktə yox, qarşılıqlı anlayışa söykənən proses olmalıdır”.
Papuaşvli bəzi Avropa İttifaqı üzvləri və institutlarının digər üzv və namizəd ölkələrə yanaşmasında selektiv münasibət nümayiş etdirdiyini qeyd edib. O, bu yanaşmanın “əsl avropalılıq” meyarlarına uyğunlaşdırılmasını tənqid edərək, İttifaq daxilində “Avropaçılıq” üzrə iyerarxiyanın olmamalı olduğunu vurğulayıb.
Parlament sədri, həmçinin Avropa İttifaqının yalnız müəyyən hissəni deyil, bütöv Avropanı — həm qədim, həm yeni, həm də keçmişin təmsilçilərini dinləməli olduğunu bildirib: “Aİ bütün Avropanı təmsil etmir və bu səbəbdən daha əhatəli və inklüziv yanaşma zəruridir”.
Papuaşvili Gürcüstanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini xatırladaraq, ölkəsinin çoxəsrlik dövlətçilik ənənələri və zəngin mədəni irsi ilə fərqləndiyini diqqətə çatdırıb. O, 1919-cu ildə qadınların da daxil olduğu demokratik parlament seçkilərini xatırladaraq, Gürcüstanın parlamentarizm tarixində öncül mövqe tutduğunu vurğulayıb.
“Biz müasir Avropa dəyərlərinin formalaşmasında iştirak etmişik. Bu baxımdan Gürcüstan üçün Aİ-yə üzvlük yeni başlanğıc deyil, sadəcə olaraq, gecikmiş birləşmədir”, – deyə Papuaşvili çıxışını yekunlaşdırıb.