Salome Zurabişvili: “Gürcüstandakı milli azlıqların dövlət dilini bilməmələri onların inteqrasiyasına mane olur”
“Gürcüstanda müxtəlif dinlərin nümayəndələri əsrlər boyu birgə yaşayıblar”.
Bunu Gürcüstan prezidenti Salome Zurabişvili Avropa Şurası Parlament Assambleyasında çıxışında deyib.
Onun sözlərinə görə, Gürcüstanda dözümlülük və birgə yaşayış ənənəsi bu gün də davam edir: “Tbilisi və Kutaisidə elə rayonlar var ki, pravoslav, katolik, erməni qriqoryan kilsələri, sinaqoq və məscidlər yanbayan yerləşir. Tbilisidəki məscid şiə və sünnilərin birgə ibadət etdiyi yeganə məsciddir”.
S.Zurabişvili deyib ki, Gürcüstan Pravoslav Kilsəsi xüsusi konstitusion statusa malik olsa da, dövlət digər dini təşkilatların da hüquqlarını tanıyır: “Dini Məsələlər üzrə Dövlət Agentliyi 11 konfessiyaya hüquqi və maliyyə yardımı göstərir”.
Prezident vurğulayıb ki, Gürcüstanda müxtəlif etnik mənsubiyyətə məxsus insanların dil, mədəni və dini özünəməxsusluğu tam qəbul olunur: “Müxtəliflik Gürcüstanın sosial-iqtisadi inkişafının əsas tərkib hissəsidir. Milli azlıqlar mədəni, ana dili və adət-ənənələrinin reallaşdırılması azadlıqlarından istifadə edirlər. Samtsxe Cavaxeti və Kvemo Kartli bölgəsində yaşayan müxtəlif etnik qruplar dövlət dilini bilmirlər və bu da onların inteqrasiyasına mane olur. Dövlət bu problemi həll etmək və bu qrupların ölkənin sosial və mədəni həyatında daha fəal iştirakını təmin etmək üçün çalışır”.