Milli Məclis niyə buraxılır? – ŞƏRH

Bu gün YAP Siyasi Şurasının bu partiyanın deputatlarına Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə etməsi qərarı ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. Bəs parlament seçkilərinə bir il qalmış Milli Məclisin özünü buraxması ilə nəticələnəcək belə bir qərarın verilməsinə səbəb nədir?

Məlumdur ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan uzun və çətin yol keçib. 1990-cı illərin əvvəllərində Azərbaycanın qarşılaşdığı böyük problemlər hamıya yaxşı məlumdur: Ermənistan tərəfindən hərbi təcavüz, iqtisadi tənəzzül, digər regionlarda separatizm təhdidi, dövlət idarəçiliyi sisteminin tamamilə dağılması. Həmin vaxt Azərbaycan vətəndaş müharibəsi və dövlətin dağılması astanasında idi.

Bu mənfi prosesləri Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtması sayəsində dayandırmaq mümkün oldu. Bu cür çətin şəraitdə ümummilli lider ölkədə vəziyyətin sabitləşdirilməsinə, atəşkəsə nail oldu, “Əsrin müqaviləsi”ni imzaladı, ölkəyə xarici investisiya cəlb etdi.

Bununla yanaşı, siyasi islahatlar prosesi də başladıldı. Ölkənin yeni Konstitusiyası qəbul edildi. Ölkədə müntəzəm və demokratik seçkilər keçirilməyə başladı. Bu addımlar ölkədə davamlı və uzunmüddətli iqtisadi inkişafın təməlini qoydu.
2003-cü ildə Azərbaycan xalqı ümummilli liderin siyasətinin davamına səs verdi. İlham Əliyev həmin il və sonrakı seçkilərdə xalqın etimad mandatını qazandı və həmin etimad davam edir.

Bu mandat bütün sahələrdə strateji islahatların növbəti mərhələləri üçün təməl oldu.

Azərbaycan energetika və nəqliyyat sahələrində genişmiqyaslı beynəlxalq layihələrin təşəbbüskarı oldu. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi beynəlxalq dəstək qazandı. Ölkənin rifahı yüksəldi, yoxsulluq və işsizlik səviyyəsi kəskin azaldı.

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın yeni mərhələsinə qədəm qoyur. Azərbaycanın qarşısında yeni böyük vəzifələr dayanır. Ölkənin post-neft dövrünə ən səmərəli və ən sürətli keçid təmin edilməlidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif istiqamətlər üzrə islahatlar müvəffəqiyyətlə davam edir:

– Dövlət idarəçiliyi sistemi (Prezident Administrasiyası, Nazirlər Kabineti, icra hakimiyyəti başçıları)

– İqtisadi sahə (vergilər, gömrük orqanları, struktur islahatları, qurumların birləşdirilməsi, kadr dəyişiklikləri və s.)

– Sosial blok (maaşların, pensiyaların, müavinətlərin və s. artırılması)

– Məhkəmə hüquq sistemi
Azərbaycan Respublikasının qanunverici orqanı olan Milli Məclis bu ümumdövlət əhəmiyyətli prosesi maksimum dərəcədə dəstəkləməlidir və bu gün YAP-da qəbul olunan qərarla parlamentin əhəmiyyətli hissəsi islahatları dəstəkləmiş oldu.

İslahatlar artıq aparılır və onların həyata keçirilməsində ən dəyərli resurs zamandır. Buna görə də zamandan mümkün qədər səmərəli istifadə etmək lazımdır. Bu kontekstdə formal mövqe tutmaq və növbəti parlament seçkilərini gözləmək məqsədəuyğun görünmür.

Belə ki, digər idarəetmə strukturları kimi, Milli Məclisdə də müəyyən dəyişikliklər, təkmilləşdirmə aparılmalı, aparılan islahatlar çərçivəsində xalqdan növbəti etimad mandatı almalıdır. Bununla seçicilər aktual məsələlərə, yeni islahatlara dair fikirlərini bildirmək imkanı əldə etməlidirlər.

Görünən odur ki, dövlət vətəndaşların seçki prosesində maksimum iştirakında maraqlıdır. Ölkədə gedən siyasi proseslərə razılaşdırılmamış aksiyalarla deyil, qanuni formada qoşulmaq istəyənlər seçki prosesində fəal iştirak etməlidirlər. Ölkədə siyasi mədəniyyətin və cəmiyyətdə vətəndaş məsuliyyətinin səviyyəsini artırmağın zamanıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey