Azərbaycanın U-21 millisinin baş məşqçisi: “İlk oyunda qələbə qazanmaq sevindiricidir”

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Ayxan Abbasov, Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində Moldova yığmasına qarşı oynanılan yoxlama görüşü (2:0) barədə fikirlərini bölüşüb.

Mütəxəssis ilk matçda qazanılan qələbənin sevindirici olduğunu bildirib:

“Komanda olaraq ilk oyunda qalib gəlmək bizi çox sevindirdi. Futbolçuları tanımaq imkanımız oldu. Bəzi oyunçular ilk dəfə bir yerdə meydana çıxırdı. Düşünürəm ki, bu toplanış bizim üçün faydalı olacaq. Qarşıdakı günlərdə Şimali Makedoniya ilə də qarşılaşacağıq. Qısa müddətdə oyunlar keçirmək komandamız üçün vacibdir. Çünki bizi rəsmi matçlar gözləyir və bu oyunlara tam hazır olmalıyıq. Moldova ilə matçda bəzi futbolçuların potensialını yaxından izləmək imkanı əldə etdik. Seçim prosesimiz davam edəcək və növbəti toplanışlara yeni oyunçular da dəvət olunacaq. Yayda keçiriləcək hazırlıq dönəmində daha da inkişaf edəcəyimizə inanıram.”

Baş məşqçi futbolçuların klublarında daha çox oyun təcrübəsi qazanmalarının vacibliyini vurğulayıb:

“Təbii ki, bəzi çatışmazlıqlarımız var. Xüsusilə futbolçuların klublarında az şans əldə etmələri Moldova ilə oyunun sonlarına doğru hiss olundu. Onlara bildirmişəm ki, daim üzərlərində işləməli və klublarında əsas heyətdə oynamağa çalışmalıdırlar. Rəqib kim olursa-olsun, meydanda məğlubiyyəti qəbul etmək olmaz. Komandamızın Moldova qarşısında sona qədər mübarizə aparması bizi sevindirdi. Eyni əzmkarlığı qarşıdakı oyunlarda da görmək istəyirik.”

Qeyd edək ki, Azərbaycan millisinin U-21 komandası martın 25-də Şimali Makedoniya ilə növbəti yoxlama görüşünə çıxacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey