3+3”: Regional oyunçular Cənubi Qafqazın əsas problemlərini həll edir
Bu gün Moskvada Türkiyə və Azərbaycan prezidentlərinin ötən ilin payızında Qarabağdakı müharibədən sonra sabitləşdirici tədbiri olaraq təklif etdikləri “3+3” formatında görüş keçirilib.
Format üç Cənubi Qafqaz dövlətinin regional qonşuları Rusiya, Türkiyə və İranla qarşılıqlı əlaqəsini nəzərdə tutur.
Bu gün Moskvada keçirilən görüş Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında bu il noyabrın 26-da baş tutan Soçi danışıqlarından sonra adıçəkilən ölkə rəsmilərinin ilk görüşü olub.
“3+3” Məşvərət Platformasının Moskva görüşü xarici işlər nazirlərinin müavinləri Andrey Rudenko (Rusiya), Xələf Xələfov (Azərbaycan), Sedat Önal (Türkiyə), Vaqe Qevorkyanın (Ermənistan), eləcə də İran Xarici İşlər Nazirliyinin baş direktoru Əlirza Həqiqianın həmsədrliyi ilə qapalı formatda keçirilib.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Platformanın işini onun bütün iştirakçılarını maraqlandıran praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Həmçinin tərəflər arasında etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri məsələlərinə aydınlıq gətirilib.
Bugünkü görüşün gündəliyi Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasındakı Soçi görüşündən irəli gəlib. Müşahidəçilər regionda kommunikasiyaların açılması və nəqliyyat dəhlizlərinin yaradılmasını, eləcə də Ermənistan – Azərbaycan sərhədinin delimitasiyasını əsas məsələlər adlandırıblar.
Amma Yerevan “problemlərin ikitərəfli formatdan çoxtərəfli formata keçirilməsinin” əleyhinə çıxış edib. Baş nazir Nikol Paşinyan ümumən “3+3” sxemini dəstəkləyərək qeyd edib ki, bu, digər mövcud formatları əvəz etməmək şərtilə Yerevan üçün maraqlı olacaq. Ermənistan hakimiyyəti ümidlərini ATƏT-in Minsk qrupuna, daha dəqiq desək, Fransa və ABŞ-dan olan həmsədrlərə bağladıqlarını gizlətməyib.
“Valday” Beynəlxalq Diskussiya Klubunun eksperti Fərhad Məmmədov Cənubi Qafqazda nizamlanmanın əsas məsələlərini bir-birindən ayırmağı qeyri-real adlandırıb.
“Biz üçtərəfli format (Moskva, Bakı və İrəvan) çərçivəsində yolların açılması və Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi prosesini müzakirə edirik. Belə çıxır ki, Minsk Qrupunun qarşısında humanitar və sosial-iqtisadi məsələlər qalıb ki, bu da çox qeyri-müəyyən bir anlayışdır. “3+3” regionda nizamlanmanın əsas məsələlərinin həllində qaçılmaz olaraq Minsk Qrupu ilə rəqabət aparacaq. Bu, sadəcə olaraq, qlobal oyunçuların regional oyunçularla əvəzlənməsidir. Axı bizim üçün əsas odur ki, məqsədə nail olunsun. Ona görə də, prinsipcə, bu daha yaxşıdır”, – deyə politoloq bildirib.
İlk görüş Moskvada, neytral meydanda baş tutub. Görüş ərəfəsində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib ki, Moskvaya gəlmək üçün Tbilisidə dəvət göndərilib, lakin Gürcüstan hakimiyyəti buna məhəl qoymayıb. Bu, bəzi ekspertlərin formatın adının “3+2” olaraq dəyişdirilməsi haqqında danışmasına səbəb olub. Bununla belə, Rusiya Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair bugünkü rəsmi bəyanatında Tiflis üçün qapıların açıq qaldığı vurğulanıb.
Ekspertlər hesab edir ki, “3+3” platformasını qiymətləndirmək üçün əsas məsələ Azərbaycan – Ermənistan münaqişələrinin həlli olacaq. Bu proses Rusiya, Türkiyə və İranın maraqlarına toxunmaya bilməz.
Ümumiyyətlə isə platformanın regionda mümkün qarşıdurma şansını azaltmaq və çağırışlara operativ reaksiya vermək baxımından yaxşı şansı var.
Mənbə: news.ru