Oqtay Əsədov: “Bizə mane olmasalar, Azərbaycan və Gürcüstan daha sürətlə inkişaf edər”
Azərbaycan Milli Məclisində parlamentin sədri Oqtay Əsədov Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
O.Əsədov deyib ki, Azərbaycan və gürcü xalqlarının dostluğunun qədim tarixi var.
O.Əsədov deyib ki, həm Azərbaycan, həm də Gürcüstan müstəqillik əldə etdikdən sonra münasibətləri inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
“Çox sevindirici haldır ki, dövlət başçıları çoxsaylı qarşılıqlı səfərlər edib, görüşlər keçiriblər. Bu, strateji əməkdaşlığımızın yüksək səviyyəsini nümayiş etdirir. Siyasi əlaqələrmizlə bərbər iqtisadi əlaqələrimiz də inkişaf edib. 2018-ci ildə ticarət dövriyyəsi 590 milyon dollardan çox olub. Bu dövrlər ərzində Azərbaycan Gürcüstanda əsas investorlardan biri olub. Azərbaycan Gürcüstana 3 milyard dollara qədər investisiya qoyub. Aprel ayına qədər ticarət dövriyyəsi 243 milyon dollar olub. Bu il ticarət dövriyyəmizin daha yüksək olacağını gözləyirik. Azərbaycan və Gürcüstan regionda həyata keçirilən böyük layihələrin iştirakçılarıdırlar. “Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP layihəsi, hazırda 87 faizi hazır olan TAP layihəsi Avropanın enerji təhlükəsizliyində hansı rolu oynadığımızın təzahürüdür. Biz çox şadıq ki, enerji ilə bərabər nəqliyyat sahəsində də ölkələrimiz birgə layihələr həyata keçirir. Bunlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Əminik ki, bu layihə tam gücü ilə işləyəndən sonra hər iki ölkə bundan böyük gəlir əldə edəcək. Mən son dəfə Gürcüstana səfər edəndə Tiflisdə SOCAR yanacaqdoldurma məntəqələrini görəndə ürəyim açıldı. Bildim ki, SOCAR Gürcüstanda böyük işlər görür. Parlament əlaqələrimiz yüksək səviyyədə inkişaf edib. Deputatlarımız beynəlxalq təşkilatlarda bir-birlərinin mövqelərini həmişə dəstəkləyirlər. Bizə mane olmasalar, Azərbaycan və Gürcüstan daha sürətlə inkişaf edər. Çox təəssüflər olsun ki, Azərbaycan və Gürcüstan separatizmlə, ərazi itkisi ilə qarşılaşıblar. Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ münaqişələri ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapacaq”, – O.Əsədov qeyd edib.
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze qəbula görə təşəkkür edib, iki ölkə arasında əməkdaşlığın sıx olmasından bəhs edib.
“Biz Avropa Şurası və digər beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir, bir-birimizin maraqlarını qoruyuruq. Əlbəttə, siyasi əlaqələrin inkişafında parlamentlərarası əlaqələr də çox önəmlidir. Şadam ki, bu sıx əməkdaşlıq xüsusən parlamentlərarası dostluq qrupları arasında mövcuddur”, – o əlavə edib.