Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri “Keşikçidağ” məsələsini müzakirə edib
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə iki ölkənin sərhədində yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunu müzakirə edib.
O.Əsədov deyib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdırlar, heç kəs bu iki xalqın arasına girə bilməz: “Yaranan problemlər strateji tərəfdaşlıq ruhunda həllini tapacaq. Hər iki ölkənin iştirakı ilə komissiya yaradılıb. Bu komissiyanın ikinci iclası iyunun sonunda Tblisidə keçiriləcək. Əminik ki, bu komissiya bu məsələlərin lazımi səviyyədə həllini tapması üçün əlindən gələni edəcək. Əminliklə qeyd edirəm ki, heç kəs Azərbaycan və Gürcüstan xalqlarının dostluğunu poza bilməz”.
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze deyib ki, sərhədin delimitasiya və demarkasiya məsələsi qaydalar çərçivəsində həll edilməlidir: “Sözsüz ki, mövqeyimiz birdir. Komissiya yaradılıb, məsələ komissiyanın formatı çərçivəsində həll edilməlidir. Müəyyən qüvvələr var ki, onlar bizim əlaqələrimizə xələl gətirmək istəyirlər. Onların bu cəhdləri uğurla bitməyəcək. Biz buna imkan verməyəcəyik. Komissiya sərhədlərin delimitasiya və demarkasiya məsələlərinin üçdə iki hissəsini razılaşdırıb, digər hissəsi də dostluq prinsipləri əsasında həll ediləcək. Bizim əlaqələrimiz dostluğa, qarşılıqlı hörmətə əsaslanır. Məqsədimiz əlaqələrimizi daha da inkişaf etdirməkdir. Xalq arasında əlaqələrin inkişafına böyük əhəmiyyət veririk”.