ABŞ–İran memorandum danışıqları: FT ABŞ nümayəndə heyətinin zəif mövqedə qaldığını yazır

ABŞ və İran arasında razılaşma memorandumunun müzakirələri zamanı Vaşinqtonun nümayəndə heyətinin kifayət qədər təcrübəli olmaması ABŞ-ın danışıqlarda daha zəif mövqedə qalmasına səbəb olub.

”Dalğatv” xəbər verir ki, bu barədə Financial Times (FT) nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp xarici siyasət danışıqlarının aparılmasını və mühüm razılaşmaların hazırlanmasını daha çox etibar etdiyi şəxslərə həvalə edir, regional məsələlər üzrə ixtisaslaşmış ekspertlərin rolunu isə məhdudlaşdırır. Mütəxəssislərin bir qismi hesab edir ki, bu yanaşma danışıqlar prosesində ABŞ-ın mövqeyini zəiflədib.

Tramp administrasiyasının ikinci prezidentlik müddətinin əvvəlində vəzifəsindən uzaqlaşdırılmış ABŞ-ın İordaniyadakı keçmiş səfiri Yael Lempert bildirib ki, İran tərəfi danışıqlara yüksək hazırlıqlı və peşəkar heyətlə qatılıb:

“İranlılar çox təcrübəli danışıqçılardır. Onlar öz sahələrində yüksək səviyyəli ekspertlərdən ibarət komandalar gətirmişdilər. ABŞ isə bunu etmədi və nəticədə özünü daha əlverişsiz vəziyyətə saldı”.

Eyni zamanda, İranın nüvə proqramı ilə bağlı əvvəlki danışıqlarda iştirak etmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Uilyam Börns də FT-yə açıqlamasında bu cür mürəkkəb danışıqlarda peşəkar hazırlığın vacibliyini vurğulayıb:

“Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu mövzularda dərin biliklərə malik İran nümayəndələri ilə effektiv şəkildə rəqabət aparmaq üçün yüksək səviyyəli, siyasi təsirlərdən kənar peşəkarlıq tələb olunur”.

Qeyd edək ki, ABŞ və İran arasında aparılan danışıqların detalları və mümkün razılaşmanın məzmunu ilə bağlı tərəflər tərəfindən hələlik geniş məlumat açıqlanmayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey