Baş nazir İrakli Kobaxidze ATƏT PA-nın Gürcüstanla bağlı qətnaməsini tənqid edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT Parlament Assambleyasının (PA) Gürcüstanla bağlı qəbul etdiyi qətnaməni sərt tənqid edib.
“Dalğatv” xəbər verir ki, Baş nazir jurnalistlərə açıqlamasında ATƏT-in də Gürcüstana qarşı yönəldiyini iddia edib.
“ATƏT də gürcü xalqına qarşı yönəlmiş, xalqın ifadə etdiyi iradəyə qarşı çıxan koordinasiyalı prosesə qoşulub. Bu, nə düzgün, nə də ədalətli yanaşmadır”, – deyə Kobaxidze bildirib.
Baş nazirin sözlərinə görə, ATƏT Parlament Assambleyasının qəbul etdiyi sənəd ABŞ Konqresinin üzvü Co Uilsonun təşəbbüsü ilə hazırlanıb və qətnamədə yer alan müddəalar reallığı əks etdirmir.
Kobaxidze qeyd edib ki, sənədin məzmunu “tamamilə yalan və böhtan xarakteri daşıyır” və bu səbəbdən onun ətrafında geniş müzakirə aparmağı məqsədəuyğun hesab etmir.
Baş nazir, həmçinin Avropa bürokratiyasını ikili standartlar tətbiq etməkdə ittiham edərək, qətnamənin ənənəvi Avropa dəyərləri və standartları ilə uzlaşmadığını bildirib.
Xatırladaq ki, ATƏT Parlament Assambleyası iyulun 8-də “Haaqa Bəyannaməsi”ni qəbul edib. Bəyannaməyə daxil edilən “Gürcüstanda seçkilərin bütövlüyünün və fundamental azadlıqların qorunması” adlı qətnamənin əsas təşəbbüskarı ABŞ Konqresinin üzvü Co Uilson olub.
Qətnamədə Gürcüstan hakimiyyəti milli və beynəlxalq insan hüquqları təşkilatlarının siyasi məhbus kimi qiymətləndirdiyi şəxslərin azad edilməsinə, fundamental azadlıqları məhdudlaşdırdığı bildirilən qanunvericilik aktlarının ləğvinə və ölkənin beynəlxalq öhdəliklərinə uyğun islahatların həyata keçirilməsinə çağırılıb.
