Kaya Kallas: “Aİ-nin Gürcüstan hökuməti ilə faktiki olaraq əlaqəsi yoxdur”
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Aİ Gürcüstan hökuməti ilə faktiki olaraq əlaqə saxlamır və dəstəyini hökumətə deyil, Gürcüstan xalqına yönəltmək niyyətindədir.
Kaya Kallas bu barədə Brüsseldə Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı öncəsi jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Kallas qeyd edib ki, Avropa İttifaqı ötən il təqdim etdiyi Qara dəniz strategiyasının həyata keçirilməsinə başlayıb və region ölkələrinin bu prosesdə mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Ali nümayəndənin sözlərinə görə, hazırda Gürcüstanla bağlı müəyyən problemlər mövcuddur və bu məsələ Aİ daxilində də müzakirə olunur.
“Gürcüstan hökuməti ilə faktiki olaraq əlaqəmiz yoxdur və onu dəstəkləmək də istəmirik. Biz Gürcüstan xalqını dəstəkləmək istəyirik. Həmçinin müzakirə etdik ki, bunu necə həyata keçirək ki, Gürcüstan xalqı Avropaya olan ümidini itirməsin”, – deyə Kaya Kallas bildirib.
O əlavə edib ki, Avropa İttifaqı Gürcüstan vətəndaşları ilə əlaqələrin gücləndirilməsini və ölkənin Avropa inteqrasiyası istiqamətində perspektivlərinin qorunmasını vacib hesab edir.
Qeyd edək ki, son aylarda Aİ ilə Gürcüstan hakimiyyəti arasında münasibətlərdə gərginlik müşahidə olunur. Avropa rəsmiləri Tbilisinin bəzi daxili və xarici siyasət addımlarını tənqid edir, Gürcüstan hökuməti isə öz növbəsində Avropa institutlarını ikili standartlar tətbiq etməkdə ittiham edir.
