İrakli Kobaxidze: “İngiltərə miqyasında ən çox qoyulan ad Muhamməddir – bu, Avropanın qarşılaşdığı problemlərin göstəricisidir”

İrakli Kobaxidze: “İngiltərə miqyasında ən çox qoyulan ad Muhamməddir – bu, Avropanın qarşılaşdığı problemlərin göstəricisidir”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birinci Kanalın efirində çıxışı zamanı Avropa ölkələrində miqrasiya və LQBT məsələləri ilə bağlı vəziyyəti tənqid edib.

Hökümət başçısı miqrasiya nəticəsində Berlində və Böyük Britaniyada ən çox qoyulan adlardan birinin “Muhamməd” olduğunu bildirib.

Onun sözlərinə görə, miqrasiya prosesləri Avropa İttifaqında ciddi sosial dəyişikliklərə və bir sıra problemlərə səbəb olub. Kobaxidze qeyd edib ki, bu proseslərin nəticələri artıq Avropanın böyük şəhərlərində açıq şəkildə müşahidə olunur.

“Görürsünüz, miqrasiya prosesləri Avropaya və Avropa İttifaqına hansı problemləri gətirib. Məsələn, ötən ilin göstəricilərinə əsasən, Berlində ‘Muhamməd’ adı ən çox qoyulan adlardan biri olub. Bu, Avropanın əsas paytaxtlarından birində baş verir. Bütün İngiltərə miqyasında isə ‘Muhamməd’ ən çox qoyulan addır. Bu fakt, Avropanın üzləşdiyi problemlərin göstəricisidir,” – deyə İrakli Kobaxidze vurğulayıb.

Baş nazir həmçinin Avropa İttifaqının LQBT məsələləri ilə bağlı təşəbbüslərinə də münasibət bildirib.

“LQBT mövzusu ilə bağlı yəqin ki, siz Avropa İttifaqının irəli sürdüyü təşəbbüslərdən xəbərdarsınız. Hətta azyaşlı uşaqların cinsi dəyişdirməsini qanuniləşdirmək təşəbbüsləri də mövcuddur. Orada uşaq öz cinsini dəyişə bilər və bu qanuna tabe olmayan ölkələr maliyyə sanksiyaları ilə hədələnir. Avropada ciddi mənəvi və sosial böhran yaşanır,” – deyə hökumət rəhbəri bildirib.

İrakli Kobaxidze çıxışının sonunda qeyd edib ki, Avropa dəyərlərində baş verən dəyişikliklər Gürcüstan üçün xəbərdarlıq kimi qəbul edilməli və bu proseslərdən ibrət alınmalıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey