Gürcüstanda Parlament toplantı və nümayişlərə nəzarəti sərtləşdirən qanunvericilik paketini birinci oxunuşda qəbul edib.
Ölkə parlamenti toplantı və nümayişlərin keçirilməsinə nəzarətin sərtləşdirilməsini nəzərdə tutan qanunvericilik paketini birinci oxunuşda qəbul edib. Qanun layihəsi Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri əhatə edir.
Layihəyə əsasən, mitinq iştirakçısının üzünü maska ilə örtməsi, gözyaşardıcı qaz və ya digər zəhərli maddələr daşıması, yolu bağlaması və ya müvəqqəti tikili ucaltması kimi hallar inzibati məsuliyyətə səbəb olacaq. Belə hallarda iştirakçılara ilkin mərhələdə 15 sutkaya qədər inzibati həbs, tədbirin təşkilatçılarına isə 20 sutkaya qədər inzibati həbs tətbiq ediləcək.
Daxili İşlər Nazirliyinin tələbi ilə xitam verilməli olan toplantıda iştirak edən şəxslər birinci dəfə bu hərəkəti törətdikdə 60 sutkaya qədər inzibati həbslə cəzalandırılacaqlar. Silah, pirotexniki vasitə və ya insan sağlamlığı üçün təhlükə yaradan əşyalar daşıyan şəxslərə də eyni cəza tətbiq ediləcək.
Təkrar qadağan olunmuş hərəkətlərə görə bir ilədək, üçüncü və sonrakı hallarda isə iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bundan əlavə, Cinayət Məcəlləsinə hüquq-mühafizə orqanı əməkdaşını üçüncü dəfə təhqir edən və ya onun qanuni tələbinə tabe olmayan şəxslərin məsuliyyətini nəzərdə tutan yeni maddə əlavə olunur.
Qanunvericilik paketinin müəllifləri və təşəbbüskarları “Gürcü Arzusu” partiyasının deputatlarıdır. Qanun layihəsinin ikinci və üçüncü oxunuşlarının müzakirəsi oktyabrın 16-da keçiriləcək plenar iclasda planlaşdırılır.