İran Prezidenti Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib

İran Prezidenti Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib

Aprelin 28-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Bakının tarixi dini abidələrindən biri olan Bibiheybət məscidini ziyarət edib.

İran Prezidenti məscidin qarşısında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tərəfindən qarşılanıb.

Qonağa Bibiheybət məscidinin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş məlumat verilib. Bildirilib ki, XIII əsrdə Mahmud ibn Səd tərəfindən inşa edilən bu məscid yeddinci imam Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilmişdir. Məhəmməd peyğəmbərin nəslindən olan Həkimə xanımın məzarının burada yerləşməsi səbəbindən məkan qədim zamanlardan müqəddəs sayılırdı. Məscidin inşası ilə burası həm ibadətgah, həm də ziyarətgah kimi tanınmışdır.

Ziyarət zamanı qeyd edilib ki, Bibiheybət məscidi 1936-cı ildə sovet hakimiyyəti dövründə dinə qarşı aparılan mübarizə zamanı tamamilə dağıdılmışdı. Azərbaycanın müstəqillik əldə etməsindən sonra tarixi-memarlıq irsinin bərpası çərçivəsində məscidin yenidən tikilməsi həyata keçirilib. Bu işlər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış, kompleksin müasir formada yenidən qurulması Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilmişdir. Həmçinin, məscidin bərpası və qorunması Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət mərkəzində saxlanılmışdır.

İran Prezidenti Məsud Pezeşkian Həkimə xanımın məzarını ziyarət edərək dualar edib və fəxri qonaqlar üçün nəzərdə tutulan ziyarət kitabına öz ürək sözlərini yazıb.

Ziyarətin sonunda çay süfrəsi arxasında səmimi söhbət təşkil olunub. Məsud Pezeşkian və şeyxülislam Allahşükür Paşazadə qarşılıqlı olaraq bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey