Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2252
DünənDünən2460
Bu həftəBu həftə4712
Bu ayBu ay36255
Bu günə qədərBu günə qədər7524472

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıda Beynəlxalq Xəzər Neft və Qaz sərgisi keçiriləcək

31 may - 3 iyun tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir - 24-cü Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil&Gas 2017" sərgisi keçiriləcək.


"Iteca Caspian" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforma olan Xəzər Neft və Qaz "Caspian Oil& Gas" sərgisi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydançasında bir araya gətirir.

Sərginin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Həmçinin, Xəzər Neft və Qaz "Caspian Oil&Gas" layihəsinə Energetika Nazirliyi və SOCAR tərəfindən də son dərəcə mühüm dəstək göstərilir.

Bu il sərgidə Almaniya, Çin, Gürcüstan, İran, Niderland Krallığı, Özbəkistan, Rusiya, Türkiyədən, və digər ölkələrin şirkətləri iştirak edəcək. Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər. İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim edəcəklər.

Tədbirin statusunu sponsorlarının tərkibi təsdiqləyir. Belə ki, baş sponsoru qismində ənənəvi olaraq SOCAR, qızıl sponsorları qismində BP şirkəti, gümüş sponsorlar qismində isə "Azeri MI", "Baku Steel Company", "Azfen", "Caspian Drilling Company Ltd", "Caspian Marine Services" (CMS), "Global Energy Azerbaijan", "RussNeft", "SOCAR Polymer", "Tekfen Construction", SIMONE və digərləri çıxış edir. Sərginin baş media tərəfdaşı qismində isə "Caspian Energy International Media Group" şirkəti çıxış edir.

İyunun 1-2-də "JW Marriott Absheron Baku" otelində keçiriləcək ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil&Gas Conference" konfransında müasir dövrün reallıqları fonunda Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafı, Avropaya enerji təchizatının təmin edilməsində Azərbaycanın rolu, təchizat əməliyyatlarının ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi və bir sıra digər aktual mövzular müzakirə olunacaq.

Beləliklə, sərgi və konfrans ənənəvi olaraq podratçılara sifarişçilər və həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcəkdir. Sərgi və konfransın təşkilatçıları qismində "ITE Group" və onun tərəfdaşı "Iteca Caspian" şirkətləri çıxış edirlər.

SOCAR-da davamlı üzvi çirkləndiricilərin ətraf mühitə təsirləri barədə fikir mübadiləsi aparılıb

SOCAR-da davamlı üzvi çirkləndiricilər və onların ətraf mühitə, insan sağlamlığına mənfi təsirləri barədə fikir mübadiləsi aparılıb.

SOCAR-ın mətbuat xidmətindən Dalga tv-yə bildirilib ki, şirkətin struktur bölmələri, əməliyyat şirkətləri və birgə müəssisələrində “Tərkibində polixlorbifenil birləşmələr olan yağların idarə edilməsi üzrə Fəaliyyət Planı”nın icrasına dair treninq-seminar keçirilib. Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nümayəndələri, energetika və ekologiya sahəsində çalışan mütəxəssislər iştirak edib.

Tədbirdə SOCAR-da təsdiq edilmiş Fəaliyyət Planının icrası ilə əlaqədar, BMT-nin “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyası, davamlı üzvi çirkləndiricilər və onların ətraf mühitə, insan sağlamlığına mənfi təsirləri, elektrik avadanlıqlarında aşkar olunan polixlorbifenil maddələrin idarə olunması haqqında seminar iştirakçılarına məlumat verilib, ETSN və AMEA nümayəndələrinin, SOCAR-ın Ekologiya İdarəsi mütəxəssislərinin hazırladıqları prezentasiyalar təqdim edilib.

Seminarın sonunda Fəaliyyət Planının icrası istiqamətində görüləcək tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

Hər bir azərbaycanlının xaricə olan borcu açıqlandı

Azərbaycanın dövlət xarici borcunun həcmi 2016-cı ilin sonuna 6 mlrd. 913,2 mln. ABŞ dolları təşkil edib (adambaşına 700 dollar) və illik müqayisədə 18,9 mln. dollar və ya 0,27% artıb. 

Dalga tv “Report”a istinadən xəbər verir ki, xarici borcun adambaşı məbləği isə son bir ildə 20,5 dollar və ya 2,85% azalaraq 698,2 dollar təşkil edib. 

Xarici borcun ÜDM-ə nisbəti son 11 ilin maksimal həddinə çatıb və 20,4%-ə bərabər olub. Lakin buna baxmayaraq, Azərbaycanın dövlət xarici borcunun ÜDM-ə nisbəti dünya standartlarında icazə verilən şərti norma - 50%-dən çox aşağıdır. 

Bununla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycanın özəl və bank sektorunun təxmini xarici borcu 2016-cı ilin sonuna 12 mlrd. dollar səviyyəsinə çatıb. 

Nəticədə, Azərbaycanın məcmu xarici borcu 19 mlrd. dollara yaxınlaşır və ÜDM-ə nisbəti təxminən 56%-dir. Azərbaycan xarici borc üzrə bir sıra şərti beynəlxalq normativlərə riayət edir. Belə ki, Azərbaycanın beynəlxalq ehtiyatlarında dövlət xarici borcunun xüsusi çəkisi 20,85%-ə bərabərdir. 

Başqa sözlə, beynəlxalq ehtiyatlar xarici borcu 5 dəfəyə yaxın üstələyir. Dövlət xarici borcunun ixraca nisbəti isə 2016-cı ilin sonuna 75% təşkil edib ki, bu göstərici üçün icazə verilən maksimal hədd 275%-dir.

Azərbaycanın 2016-cı ilin sonuna ixracının məcmu xarici borca nisbəti isə 209% olub ki, burada minimal təhlükəli hədd 30%-dən aşağı hesab olunur.

Almaniya millisinin Bakıdakı məşqi böyük maraqla qarşılanıb

 Almaniya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə məşqə çıxıb.

"Dalga tv"nin məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub. Çalışmalara Bakıya gələn 21 futbolçunun hamısı qatılıb. Onların arasında İngiltərə ilə yoldaşlıq görüşündə iştirak etməyən 4 oyunçu, o cümlədən, Məsut Özil də olub. Komanda üzvlərinin hamısı baş məşqçi Yoahim Lövün tapşırqlarına uyğun müxtəlif fiziki təmrinləri yerinə yetiriblər. Açıq məşqi 200-dək şəxs, o cümlədən, çoxsaylı jurnalistlər izləyib.

"Şahdəniz"dəki problem səbəbindən Gürcüstan Rusiyadan əlavə 100 mln. kubmetr qaz alıb

Bu ayın əvvəlində Gürcüstan "Qazprom-Eksport" MMC (Rusiyanın "Gazprom" şirkətinin törəməsi - red.) ilə bağlanan müqavilənin şərtlərinə müvafiq olaraq Rusiyadan əlavə həcmdə təbii qaz alıb. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili bildirib.

Onun sözlərinə görə, buna səbəb "Şahdəniz" qaz yatağında baş verən problemlərdir: "Ayın əvvəlində "Şahdəniz" yatağında problemlər var idi və bir neçə gün ərzində Azərbaycandan Gürcüstana qaz nəqli dayanmışdı. Lakin biz istehlakçıların tələbatını ödəməli idik və bunun üçün alternativ variantlara əl atdıq".

Gürcüstan mətbuatı isə yazır ki, yanvar-fevral ayları ərzində Gürcüstan "Qazprom-Eksport"dan əlavə olaraq 100 mln. kubmetr qaz alıb.

Maraqlıdır ki, Azərbaycan tərəfi "Şahdəniz" yatağında hər hansı problemin olması barədə məlumat yaymayıb.


Xatırladaq ki, "Qazprom-Eksport" MMC-nin Gürcüstan hökuməti ilə bağladığı müqavilənin müddəti cari ilin yanvarın 1-də başa çatıb. Gürcüstan Ermənistana nəql olunan Rusiya qazının ümumi həcminin 10%-ni tranzit haqqı kimi alır. Danışıqların uzanmasına səbəb isə "Qazprom"un tranzit haqqını qazla deyil, pulla ödənilməsində israr etməsi olub.

Gürcüstanın qaza olan illik tələbatı 2,5 mlrd. kubmetrdir. Bu həcmin əsas hissəsi Azərbaycandan nəql olunur. Qonşu ölkənin enerji balansında təbii qazın payı 40%-dir.

Nazir: "Bakı-Tbilisi-Qars layihəsi Qara dənizdən çəkiləcək dəmir yoluna birləşdiriləcək"

"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası cari ilin iyun ayında tamamlanacaq". APA-nın məlumatına görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan Uludağ İqtisadi Sammitində bildirib.

Türkiyənin həyata keçirdiyi iri infrastruktur layihələri barədə məlumat verən nazir qeyd edib ki, onların icrasına başlanılarkən yalnız Türkiyənin deyil, eyni zamanda qardaş ölkələrin mənafeyi də düşünülüb.
 

"Ədirnədən hərəkət edən qatar İstanbul boğazının altından keçərək Qarsa gedəcək. Bu layihə ilə biz Avropa ilə Asiyanı birləşdiririk, lakin bununla kifayətlənmədik. Bakı-Tbilisi-Qars layihəsini həyata keçirmək üçün fəaliyyətə başladıq. İyun ayında bu layihənin inşası başa çatacaq. Bundan sonra Londondan hərəkət edən qatar Orta Asiyaya qədər gedə biləcək", - deyə o bildirib.


Nazir əlavə edib ki, Bakı-Tbilisi-Qars layihəsini daha da aktivləşdirmək üçün o Qara dəniz sahillərindən çəkiləcək dəmir yolu xəttinə birləşdiriləcək. 

SOCAR Ukraynaya aviasiya yanacağı satacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi (“SOCAR Ukraine”) və yerli “EFG Trading” (“Euro Fuel Group Trading”) şirkəti bu ölkənin Müdafiə Nazirliyinə reaktiv yanacaq satacaq.

Dalga tv Report-a istinadən xəbər verir ki, şirkətlər 20,1 ton aviasiya yanacağının satın alınması məqsədi ilə keçirilmiş tenderin qalibləri olublar.

Məlumatda deyilir ki, tenderin nəticələrinə görə, Ukrayanın Müdafiə Nazirliyi “SOCAR Ukraine”dan hər tonu 21 min qrivnadan (1 340 manat) olmaqla 6,1 min ton (Lot-1) və hər tonu 19 965 qrivnadan (1 274 manat) olmaqla 2,9 min ton (Lot-2) yanacaq alacaq. 

“EFG Trading” isə hər tonu 20 min qrivnadan (1 276 manat) olmaqla 6,1 min ton (Lot-1) və hər tonu 19 833 qrivnadan (1 265 manat) olmaqla 3 min ton yanacağı nazirlik üçün tədarük edəcək. “SOCAR Ukraine”dən alınacaq reaktiv yanacaq Azərbaycan istehsalı, “EFG Trading”dən alınacaq reaktiv yanacaq isə İtaliya və Bolqarıstan istehsalı olacaq.

Tenderdə “SOCAR Ukraine” və “EFG Trading” ilə yanaşı Ukraynanın “Voenservis-Volonter” şirkəti də iştirak edib, amma onun bütün lotlar üzrə təklif etdiyi qiymət 21 400 qrivna (1 365 manat) olub. Tenderdə qalib gəlmiş şirkətlər isə yanacağın hər tonunu bazar qiymətindən 600-800 qrivna (38-51 manat) ucuz təklif ediblər.

Bu il Gürcüstandan Azərbaycana 122 avtomobil gətirilib

Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 3 mln. 152,9 min ABŞ dolları dəyərində 122 ədəd avtomobil gətirilib. Bu barədə "APA-Economics" Gürcüstanın Statistika Xidmətinə istinadən məlumat verib.

Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin iki ayı ilə müqayisədə 48 ədəd çoxdur. Məbləğ baxımından isə bu rəqəm 759 min dollar və ya 31,7% çoxdur.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayında Gürcüstandan Azərbaycana 2 mln. 393,9 min dollar məbləğində 74 ədəd avtomobil gətirilib.

Azərbaycan Gürcüstandan dərman idxalını 9 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 2 mln. 096,3 min ABŞ dolları dəyərində 229,3 ton dərman preparatları ixrac edilib. Bu barədə “APA-Economics” Gürcüstanın Statistika Xidmətinə istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 204 ton və ya 9,06 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 1 mln. 279,2 min dollar və ya 2,56 dəfə çoxdur.

Qeyd edək ki, 2016-cı ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycanda 817,1 min dollar dəyərində 25,3 ton dərman ixrac edilib.

"Petkim"in rəhbərliyinə yeni təyinat olub

"Petkim Petrokimya Holding AŞ"-nin rəhbərliyinə yeni təyinat olub.

"APA-Economics" xəbər verir ki, Oğuzhan İpek şirkətin baş direktorunun müavini vəzifəsinə təyinat alıb. O.İpek bu vəzifədə tədarük zəncirinə nəzarət edəcək.

2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan "Petkim"də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Türkiyə Enerji A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə "SOCAR Türkiyə Enerji A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir.

Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.

Azərbaycan Gürcüstana qaz ixracını 22% artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstana 89 mln. 056 min ABŞ dolları dəyərində 409 min 811,8 kubmetr qaz ixrac edib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikada qeyd edilib.

2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə ixrac edilən qaz həcm baxımından 46 min 586,2 kubmetr və ya 12,82% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə ixrac 16 mln. 364 min dollar və ya 22,51% çoxdur.

Qeyd edək ki, ötən ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 72 mln. 692 min dollar dəyərində 363 min 225,6 kubmetr yanacaq qazı və digər qazları ixrac edilib.

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Novruz bayramı münasibətilə martın 18-dən 27-dək gücləndirilmiş iş rejimində işləyəcək.

“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən Dalga tv-yə bildirilib ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda İB-nin texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını Novruz bayramı münasibətilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

Saytda Axtarış

ახალი ამბები