Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün376
DünənDünən1595
Bu həftəBu həftə6178
Bu ayBu ay50877
Bu günə qədərBu günə qədər7421351

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Novruz bayramı Gürcüstanın Laqodexi rayonunda böyük coşqu ilə qeyd edilib

Novruz bayramı Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində böyük coşqu ilə qeyd olunub. Bayram münasibətilə böyük el şənliyi təşkil edilib.

Bayram şənliyində səfirliyimizin, Kaxeti bölgə qubernatorluğunun, Laqodexi rayon icra hakimiyyətinin rəhbər şəxsləri, parlamentin deputatları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Keçəl, Kosa və Bahar qızı qonaqları qarşılayaraq bayram şirniyyatına qonaq ediblər.

Qabal kənd icra hakimiyyəti nümayəndəsi Namaz Alaverdov tədbiri açaraq Novruz bayramının məziyyətlərindən danışıb.

Laqodexi Rayon İcra Hakimiyyətinin başçısı Kaxa Camburiya azərbaycanlıları və Novruz bayramını qeyd edən bütün insanları təbrik edib. O, azərbaycanlıların və gürcülərin bu bölgədə mehriban dostluq və qardaşlıq şəraitində yaşadıqlarını xüsusi vurğulayıb.

Sonra Gürcüstan parlamentinin deputatı Quram Macaraşvili, Kaxeti bölgəsi qubernatorun müavini Zurab Arsenaşvili və başqaları çıxış edərək Azərbaycan xalqını bayram münasibətilə təbrik ediblər.

Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov tədbirdə çıxış edərək ölkələrimiz arasındakı sarsılmaz dostluq əlaqələrindən danışıb, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizin bundan sonra daha da inkişaf edəcəyini, möhkəmlənəcəyini bildirib. Novruz bayramının əsas xüsusiyyətləri haqqında geniş məlumat verən diplomat deyib ki, bu bayram sülh, birlik, bərabərlik və ruzi-bərəkət bayramıdır. O, bu bayramın xalqlarımıza sülh və firavanlıq gətirməsini arzulayıb.

Sonra Novruz tonqalı alovlandırılıb.

Geniş idman və konsert proqramı ilə davam edən tədbirdə incəsənət ustalarının ifasında müxtəlif el havaları və xalq mahnıları səsləndirilib, şagirdlər Azərbaycan və gürcü şairlərinin şeirlərini söyləyiblər.

“Eurovision” təmsilçisi Ukraynaya buraxılmayacaq

Ukraynada keçiriləcək “Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək Yuliya Samoylovanın ölkəyə girişinə qadağa qoyulub.

“Dalga tv” Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukraynanın Təhlükəsizlik Xidməti rusiyalı müğənninin ölkəyə girişini üç illik qadağan edib.

Təhlükəsizlik Xidmətinin nümayəndəsi Yelena Qitlyanskaya artıq məlumatı təsdiqləyib.

UTX Ermənistanın “Eurovision” iştirakçısını yoxlayır

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Kiyevdə may ayında keçiriləcək “Eurovision” mahnı müsabiqəsində Ermənistanı təmsil etməyə hazırlaşan Artsvik Harutyunyanın Ukrayna qanunlarını pozması faktını yoxlayır. Rusiya vətəndaşı olan Artsvik Harutyunyanın “Rusiyanın ilhaqından sonra” Krıma getməsi təsdiqlənsə, ifaçı barəsində “ayrıca qərar qəbul edilə bilər”, 

Dalga tv  BBC-yə istinadən xəbər verir ki, bu barədə Life.ru ilə söhbətində Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşşenko deyib.

Daha əvvəl rəsmi Kiyev Krımda çıxış etdiyinə görə Rusiya təmsilçisi Yuliya Samoylovanın Ukrayna qanunlarını pozduğunu bəyan etmişdi.

“Axı olmaz ki, Krıma daxil olduğuna görə Yuliya Samoylova məsuliyyətə cəlb edilsin, başqaları isə yox. Bu ədalətli olmaz. Ermənistan iştirakçısının Krımda çıxış etdiyi aşkar olarsa, bu, bütün müddəalar üzrə nəzərdən keçiriləcək”, - Anton Qeraşşenko bəyan edib.

Ukrayna rəsmisi qeyd edib ki, UTX müsabiqədən qabaq hər bir “Eurovision” iştirakçısının Krımda olmasına dair yoxlama aparacaq.

2017-ci il “Eurovision” mahnı müsabiqəsində “Fly With Me” mahnısı ilə Ermənistanı təmsil edəcək Artsvik Harutyunyan beş yaşından Rusiyada yaşayır və Rusiya estrada nümayəndələri Polina Qaqarina, Pelageya, Aleksandr Panayotovla dostluq edir.

Ermənistan “Eurovision” mahnı müsabiqəsində 2006-cı ildən iştirak edir. Ən yaxşı nəticələri dördüncü yer olub - 2008-ci ildə Siruşo və 2014-cü ildə Aram MP3 (Aram Sarkisyan).

Ukraynaya “Eurovision 2017” müsabiqəsini keçirmək haqqını ötən il İsveçdə keçirilən müsabiqədə müğənni Camalanın qələbəsi qazandırıb.

Kiyevdə “Eurovision 2017” müsabiqəsində 43 ölkənin nümayəndələri iştirak edəcək. Müsabiqənin yarımfinalı mayın 9 və 11-də, finalı - 13-də keçiriləcək.

Azərbaycanın əməkdar artisti vəfat etdi

Azərbaycanın əməkdar artisti Əsgər Rəhimov vəfat edib.

Dalga tv Report-a istinadən xəbər verir ki, aktyor martın 21-də dünyasını dəyişib.

Qeyd olunur ki, aktyor ağır xəstəlikdən əziyyət çəkirdi və üç gün əvvəl qaraciyərindən əməliyyat olunmuşdu.

Ə.Rəhimov 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil alıb. 1978-1988-ci ilə qədər S.Vurğun adına Rus Dram Teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləyib, 2005-ci ildə yenidən Rus Dram Teatrına qayıdıb.

O, bu illər ərzində teatr səhnəsində bir çox obrazlar canlandırıb. 

Onun yaratdığı Nikita (A.Arbuzov, “Kobud oyunlar”), Oyunçu (R.İbrahimbəyov, “Kaliforniyada dəfn”), Lukin (M.Qorki, “Vəhşilər”), Bayandur (İ.Əfəndiyev, “Büllur sarayda”), Ralf (R.Baer, “Qarışıq hisslər”), Kazım (N.Rəsulzadə, “Nonsens”), Qraf Kent (U.Şekspir, “Kral Lir”), Həkim (K.Hiqqins, “Qarold və Mod”) kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Aktyor 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.

Bakıda beynəlxalq Milli rəqs və musiqi festivalı keçiriləcək

Martın 21-də saat 15:00-da  “Odlar yurdu” qrupunun təşkilatçılığı, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında  8 ölkənin iştirakı ilə Milli  rəqs və musiqi  festivalı keçiriləcək.

Milli  rəqs və musiqi  festivalı Təşkilat komitəsindən APA-ya verilən məlumata, beynəlxalq festivalda Azərbaycan, Rusiya, Türkiyə, Iran, Litva, Tatarıstan, Qazaxıstan və Gürcüstandan olan rəqs qrupları iştirak edəcəklər.

İştirakçı qruplar təmsil etdikləri ölkələrin Milli xalq musiqilərini və rəqslərini təqdim edəcəklər.  “Milli  rəqs və musiqi”  festivalının  təşkil olunmasında əsas məqsəd dünyanın müxtəlif yerlərindən gəlmiş  rəqs qrupları arasında  dostluğu gücləndirmək, Azərbaycan mədəniyyəti və incəsənətini tanıtmaq, eləcə də Milli bahar bayramı olan Novruz adət-ənənələri haqqında ətraflı məlumat verməkdir.

Xatırladaq ki, Novruz bayramı YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Qeyd edək ki, bu sayca  təşkil olunan 3-cü Milli  rəqs və musiqi festivalıdır. Festivalda dünyanın 8 ölkəsindən 250 yaxın iştirakçı nəzərdə tutulub. Sonda  iştirakçı qruplara  Bakı şəhərinə aid maraqlı hədiyyələr və diplomlar təqdim olunacaq.

“Əli və Nino” filminin İsveçrədə premyerası keçirilib

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi çərçivəsində Bernin Bellevue Palace mehmanxanasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın prodyüseri olduğu “Əli və Nino” filminin İsveçrədə premyerası keçirilib.

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan səfir Əkrəm Zeynallı əslən azərbaycanlı olan və Azərbaycan Demokratik Respublikasının bolşevik işğalından sonra Avropaya mühacir edən yazıçı Qurban Səidin 1937-ci ildə Avstriyada alman dilində nəşr edilən və 30-dan artıq xarici dilə tərcümə edilən eyni adlı əsərinin mövzusu üzrə çəkilən bu filmin o dövrün reallıqlarını, o cümlədən Cənubi Qafqaz xalqlarının mədəniyyəti, adət-ənənələri və milli xüsusiyyətlərini əks etdirmək baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.

Səfir Əkrəm Zeynallı bu filmin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və prodyüserliyi, Oskar mükafatı laureatı Asif Kapadiyanın rejissorluğu ilə çəkildiyini qeyd edib, onun ADR-in yaranmasından süqutunadək baş verən əsas hadisələri də obyektiv şəkildə göstərdiyini bildirib.

Filmin nümayişindən sonra Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyi adından qonaqlara rəsmi ziyafət verilib. Ziyafət çərçivəsində Novruz bayramı ərəfəsi adət ənənələrinə uyğun olaraq, Novruz süfrəsi, o cümlədən Azərbaycanın mədəniyyətinin xüsusiyyətlərini əks etdirən guşə iştirakçılara təqdim edilib.

İsveçrənin dövlət və hökumət nümayəndələrinin, deputatların, diplomatik korpusun üzvlərinin və şirkət nümayəndələrinin, o cümlədən diaspora üzvlərinin iştirak etdiyi bu mədəniyyət tədbiri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Rusiya təmsilçisi Kiyevdə keçiriləcək “Eurovision-2017” müsabiqəsinə buraxılmaya bilər

Rusiyanı Kiyevdə keçiriləcək “Eurovision-2017”də təmsil edəcək Yuliya Samoylova Ukraynaya buraxılmaya bilər.

APA-nın məlumatına görə, bunu “Qovorit Moskva” radiostansiyasına müsahibəsində Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko deyib.

O bildirib ki, əgər bu şəxs həqiqətən incəsənət adamıdırsa, o zaman Ukrayna Rusiya nümayəndəsinin Kiyevdəki çıxışından yalnız məmnun ola bilər: “Əgər Yuliya Samoylova Krımın ilhaqını və Ukraynaya qarşı təcavüzü ictimai şəkildə dəstəkləməyibsə, burada bir problem yoxdur. Lakin əgər o, siyasi bəyanatlar verəcəksə, onun Ukraynaya girişinə qadağa qoyula bilər”.

Xatırladaq ki, Y. Samoylova Kiyevdə keçiriləcək “Eurovision-2017” mahnı müsabiqəsində “Od yanır” mahnısı ilə çıxış edəcək.

Afinada Xocalı soyqırımı ilə bağlı anım konserti keçirilib

Yunanıstan paytaxtı Afina şəhərində “Lillian Voudouri” Böyük Musiqi Kitabxanasının “Megaron” konsert zalında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Strasburq ofisi və Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən “Xocalıya Ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində anım konserti təşkil edilib.

TEAS-dan APA-ya verilən məlumata görə, tədbirdə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Xocalı qətliamına hüquqi qiymətin verilməsi məsələsində həmrəylik nümayiş etdirilməsinin vacibliyindən danışıb: “Necə ola bilər ki, 1992-ci ilin fevral ayında Xocalıda törədilmiş qanlı hadisə kimi dəhşətli bir cinayət baş versin, lakin heç vaxt tanınmasın? Cavab sadədir, Ermənistan Azərbaycan xalqına qarşı XX əsr ərzində törətdiyi cinayətlərə görə heç vaxt məsuliyyət daşımayıb. Azərbaycan Xocalı faciəsi haqqında həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaq, bütün dünyada hökumətlər və parlamentlərin bu soyqırıma siyasi-hüquqi qiymət vermələrinə nail olmağa çalışır. Biz bu cinayəti pisləmək və ona hüquqi qiymətin verilməsi məsələsində həmrəylik nümayiş etdirməliyik. Bu yalnız qətlə yetirilmiş və işgəncələrə məruz qalmış Azərbaycan vətəndaşlarının xatirəsi üçün deyil, həmçinin dünya xalqları üçün çox vacib məsələdir. Bu cür faciələrin təkrarlanmasına yol verilməməlidir. Fürsətdən istifadə edərək mən sizə və sizin vasitənizlə Yunanıstan Respublikasının vətəndaşları və parlament üzvlərini “Xocalıya ədalət!” beynəlxalq kampaniyasından kənarda qalmamağa və onu dəstəkləməyə çağırıram”.

Yüz əlli nəfərdən artıq siyasətçi, ictimai xadim, diplomat və mətbuat nümayəndələrindən ibarət auditoriya qarşısında çıxış edən Yunanıstan-Azərbaycan Gənclər Mərkəzinin prezidenti İoannis Papaqriqoriou və Avropa Azərbaycan Cəmiyyətinin Strasburq ofisinin rəhbəri Eliza Piter bildiriblər ki,  bu tədbir müharibənin dəhşətli nəticələrinin ola biləcəyini xatırlamağa yardım edir: “Bu, qisasa çağırış deyil, ədalətə çağırışdır. Anım konserti millətlər arasında sülhə həsr olunmuş qəsidədir. Bu konsert sülh və ədalət ruhundadır”.

Xocalı 613” simfonik poemasının müəllifi, fransız  bəstəkarı Pyer Tilloy isə yaratdığı əsərin yaranma tarixçəsindən bəhs edib: “Son 20 il ərzində Azərbaycana dəfələrlə səfərlər etmişəm. Belə olanda, təbii ki, çoxlu dostlar əldə edirsən. Dostluq yalnız dostunun sevincini deyil, kədərini də bölüşmək deməkdir. Buna görə də hiss etdim ki, Xocalı faciəsi haqqında yazmalıyam. “Xocalı 613” əsəri üzərində çalışanda, sanki bir quş olub 26 fevral 1992-ci ildə həmin faciəli gecədə Xocalı üzərində uçurdum və hər şeyi görürdüm və bunları musiqi vasitəsilə ifadə edirdim”.

Tədbir “Rhein-Quartett” kamera ansamblının qərb və azərbaycanlı bəstəkarlarının əsərlərini ifa etməklə davam edib. Birinci Dünya müharibəsinin qurbanı olmuş bəstəkar Enrike Qranadosun “Orientale” (ispan üslubunda kompozisiya), Əfrasiyab Bədəlbəylinin duyğusal “Azad Bir Quşdum”, Xəyyam Mirzəzadənin həzin “Bərzəni” adlı əsərləri çox ecazkar şəkildə ifa edilib.

Anım gecəsi məşhur fransız bəstəkarı Pyer Tilloyun həmin faciəli gecənin dəhşətlərindən xəbər verən “Xocalı 613” adlı simfonik poemanın ifası ilə yekunlaşıb. Əsərdə skripka, klarnet və simli alətlər kvartetinin əsgər yürüşü, fəryad, pulemyot atəşi və milli musiqinin elementlərindən geniş istifadə edilir.

“Aprel döyüşləri”nə aid rəsm İspaniyada 2-ci yeri tutdu - FOTO

İspaniyanın Madrid şəhərində 6-cı Beynəlxalq Yumor Müsabiqəsi başa çatıb. Müsabiqənin final mərhələsinə 77 əsər vəsiqə qazanıb. Həmyerlimiz, bir çox beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı, rəssam Soltan Soltanlı sözügedən yarışmada 2-ci yeri tutub.

Modern.az xəbər verir ki, münsiflərin qərarı ilə azərbaycanlı rəssam 400 avro ilə mükafatlandırılıb.

S.Soltanlının sözlərinə görə, o, müsabiqəyə 4 əsər göndərdiyi üçün dünənədək hansının yer qazandığını bilmirmiş. Nəhayət İspaniyadan rəssama xəbər gəlib. Soltan Soltanlıya məlum olub ki, onun 2016-ci ildəki “Aprel döyüşləri”nə həsr etdiyi rəsm əsəri beynəlxalq müsabiqədə ikinci yeri tutub.


“Yarışmada ötən ilin yayında işlədiyim “Kalva ətrafında döyüş” əsərim ikinci yerə layiq görülüb. Bu əsəri öncə yağlı boya ilə kətan üzərində yaratmışdım (60x90 sm). Sonradan əsərin qrafik variantını kağızda işlədim və fotosunu müsabiqəyə göndərdim. Sözügedən əsəri keçən ilin “Aprel döyüşləri”ndən sonra yaratmışam. Əsərdə səngəri ənənəvi biçimdə yox, hər əsgərin ayrıca qəbri kimi təsvir etmişəm. Yəni hər əsgər səngəri öz məzarı kimi qazaraq döyüşə atılıb, yağıya qarşı öz səngər-məzarından döyüşür”.

Bildirək ki, adıçəkilən müsabiqədə birinci yeri Monteneqrodan Darko Drkjevic, üçüncü yeri isə Taylanddan Tauan Çuntraskauvon qazanıblar.

Müsabiqənin final mərhələsinə adlayan 77 əsərdən ibarət sərgi yanvarın 17-dən fevralın 26-na kimi nümayiş etdiriləcək.

Heydər Əliyev Sarayında Gürcüstan sənətçilərinin konserti keçiriləcək

Yanvarın 27-də Heydər Əliyev Sarayında Gürcüstanın tanınmış rəqs kollektivləri və estrada müğənnilərinin iştirakı ilə konsert proqramı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, "Gürcüstanın sehrli ritmləri" adlı konsertdə Gürcüstanın tanınmış estrada müğənniləri Gia Nikoladze, Mariam Eliashvili, Aysel Məmmədova və beynəlxalq müsabiqələrin laureatları və qalibləri olan "Martve", "Samefo", "Didgori" mahnı və rəqs ansamblları iştirak edəcəklər.

Rəqs kollektivlərinin ifasında folklor (etnik) rəqslər və rəngarəng çıxışlar təqdim olunacaq.

Gürcü vokalçıların iştirakı ilə "Aida" operası təqdim olunacaq

Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik opera sənətinin nümunələrindən biri - Cüzeppe Verdinin “Aida” operasının tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada Aida partiyasını ilk dəfə teatrın aparıcı solisti, əməkdar artist Afaq Abbasova ifa edəcək. Amneris rolunda gənc solist Nina Makarova, Misir şahı partiyasında xalq artisti Əli Əsgərov, Ramfis partiyasında əməkdar artist Əkrəm Poladov, Kahin qadın rolunda əməkdar artist Gülnaz İsmayılova çıxış edəcəklər.

Tamaşada iştirak etmək üçün Gürcüstanın xalq artisti və Dövlət Mükafatı laureatı Teymuraz Ququşvili (Radames) və əməkdar artist Sulxan Qvelesiani (Amonasro) da dəvət olunublar.

Tamaşanın dirijoru xalq artisti Cavanşir Cəfərovdur. 

Gürcü vokalçıların iştirakı ilə "Aida" operası təqdim olunacaq

Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik opera sənətinin nümunələrindən biri - Cüzeppe Verdinin "Aida" operasının tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada Aida partiyasını ilk dəfə teatrın aparıcı solisti, əməkdar artist Afaq Abbasova ifa edəcək. Amneris rolunda gənc solist Nina Makarova, Misir şahı partiyasında xalq artisti Əli Əsgərov, Ramfis partiyasında əməkdar artist Əkrəm Poladov, Kahin qadın rolunda əməkdar artist Gülnaz İsmayılova çıxış edəcəklər.

Tamaşada iştirak etmək üçün Gürcüstanın xalq artisti və Dövlət Mükafatı laureatı Teymuraz Ququşvili (Radames) və əməkdar artist Sulxan Qvelesiani (Amonasro) da dəvət olunublar.

Tamaşanın dirijoru xalq artisti Cavanşir Cəfərovdur.

Saytda Axtarış

ახალი ამბები