Dalga Televiziyasi Bakı-2015 - Avropa Oyunları - Azərbaycanı tarixə yazacaq hadisə
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün864
DünənDünən355
Bu həftəBu həftə10940
Bu ayBu ay42483
Bu günə qədərBu günə qədər7530700

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakı-2015 - Avropa Oyunları - Azərbaycanı tarixə yazacaq hadisə

alt

Politoloq Rufiz Qonaqov və jurnalist Rəfail Becanov “Bakı-2015: 1-ci Avropa Oyunları” ilə bağlı geniş məqalə ilə çıxış ediblər.


Azərbaycan Birinci Avropa Oyunlarına hazırlaşır. 2012-ci il dekabrin 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında ilk dəfə Avropa Oyunlarının keçirilməsi və bu oyunların Bakıda təşkil olunması barədə qərar qəbul edildi. Bu tarixi qərarın ölkəmiz üçün xüsusi əhəmiyyəti var idi. Səsvermə nəticəsində Avropa Oyunlarına ev sahibliyi Bakıya həvalə edildi. Gizli səsvermə zamanı 48 səsdən 38 səs toplayan Bakı ev saibliyi hüququnu əldə etdi. İyunun 12-dən 28-nə kimi davam edəcək bu idman bayramı Azərbaycanı Avropa tarixinə yazacaq. Əsrlər keçəndən sonra da Azərbaycan adı Avropanın idman tarixində səslənəcək, müxtəlif viktorinalarda, yarışmalarda hər zaman səslənəcək. Bəlkə də ölkəmizin adını unudulmayacaq tarixə yazmaq üçün illərlə çalışıb nail ola bilməzdik. Amma dövlətin gücü, prezident İlham Əliyevin iradəsi və strateji qərarı ilə buna cəmi 16 gün ərzində nail oluruq. Zaman, əsr, texnologiya, Avropa Oyunlarının məkanı dəyişəcək, amma ilk oyunlarının təşkilatçısı, həmin oyunlara ev sahibliyi edən Azərbaycanın birinciliyi dəyişməyəcək. Yaşından, dinindən, irqindən, siyasi mövqeyindən, ölkəmizə sevgisindən asılı olmayaraq, dünyanın idman arenasında hər kəsin dilində Azərbaycan ilk oyunların təşkilatçısı kimi səslənəcək. Bu tarixi hadisənin daha bir əhəmiyyəti ilk dəfə keçirilməsidir. Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi əleyhimizə danışanların istəyindən asılı olmayaraq, tarixdə qalacaq bir addımdır. Dünyada uşaqdan - böyüyə hər kəs bilir ki, ilk olimpiya oyunları qədim Yunanıstanda keçirilib. Heç bir tarixə malik olmasa belə, Yunanıstanın bu tarixi ilkə imza atması onun haqqında dünyaya yetərincə bilgi vermək gücündədir. İndi də növbə Azərbaycanındır. Azərbaycanın adı, onun qüdrəti ilk Avropa Oyunlarının keçirildiyi məkan kimi dünya tarixində əbədi yazılacaq.

Azərbaycanın birinci xanımı, birinci Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə bu möhtəşəm idman yarışına əsaslı hazırlıq aparılıb. Olimpiya oyunlarının dünyada təbliğ olunması görünməmiş miqyasda və uğurla təşkil edilib. Təşkilat Komitəsinin sədrinin iştirakı ilə Avropanın əsas ölkələrində - Fransada, İtaliyada, İsveçdə, Almaniyada təqdimat mərasimləri keçirilib. Artıq dünyanın diqqəti Azərbaycanda keçiriləcək "Bakı-Avropa Oyunları - 2015"dədir.

İkinci idman bayramı yeni informasiya imkanı kimi

Avropa Oyunları dünyanın ikinci ən böyük idman bayramıdır. Dünya yay və qış olimpiadasından sonra Avropa Oyunları bu analogiyaya malikdir. Heç kim mübahisə etməz ki, futbol üzrə Dünya çempionatından sonra Avropa çempionatı nə qədər böyük bayramdır və insanlar onu olduqca maraqla gözləyir. Avropa Oyunları hazırda o qədər populyar olmasa da, yaxın günlərdə, elə oyunlar başlayandan bunun populyarlığının və əhəmiyyətinin şahidi olacağıq.

Olimpiya oyunları idman yarışları, idmanın insanlara bəxş etdiyi dəyərlər olmaqla yanaşı, müasir dövrdə iqtisadi və siyasi məqsədlər də daşıyır. Böyük yarışların təşkilatçısı olan ölkələrdə turizmin inkişafı baxımından da böyük əhəmiyyətli hadisədir. Eyni zamanda bu kimi idman yarışlarının ev sahibi olan ölkələrin siyasi məqsədləri də olur. Azərbaycan kimi ölkə üçün isə olduqca əhəmiyyətli bir hadisə kimi qiymətləndirilməlidir. Faktiki olaraq, Ermənistan tərəfindən təcavüzə məruz qalmış, torpaqlarını 20 faizi işğal altında olan, XX əsrin ən böyük cinayətlərindən biri olan Xocalı Soyqırımı kimi faciə ilə üzləşmiş, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün isə olduqca böyük fürsətdir. Təkcə yarışlara qatılan idmançıların sayı 6 min nəfərdən çox olacaq. Texniki heyət, jurnalistlər, turistlər, azarkeşlər hesabına bu say on minlərlə olacaq. Oyunları işıqlandırmaq üçün iki min nəfər jurnalistin ölkəmizə gələcəyi gözlənilir. Bundan böyük imkan olarmı? Bu da bizim üçün tariximiz, üzləşdiyimiz faciələr, mədəniyyətimizlə bağlı dünyanın informasiya məkanına yeni çıxış imkanıdır. Təbi ki, bu imkan vətəndaş cəmiyyətinin bütün spektrlərinin üzərinə də ciddi vəzifələr qoyur. Bütün imkanlardan yararlanaraq, daha çox təbliğat aparmaq, mədəniyyətimizi, tariximizi, torpaqlarımızın işğalı faktını və bütünlükdə ölkəmizi təbliğ etmək qarşımızda duran əsas missiyadır. İnanırıq ki, Azərbaycan cəmiyyəti bunun öhdəsindən layiqincə gələcəkdir.

Hansı ölkə bu idman bayramının sahibi olmaq istəməzdi...

Yaxın-uzaq qonşularımızdan, ən yaxın dostlarımızdan ən yaxın düşmənlərimizə qədər hər bir ölkə bu dünyanın ikinci möhtəşəm idman bayramına ev sahibliyi etmək, onun ilk təşkilatçısı kimi tarixdə qalmaq istəyərdi. Bu yarışın verdiyi imkanlar hesabına öz mədəniyyətini, tarixini, iqtisadi gücünü, siyasi görüşlərini dünyaya çatdırmaq arzu edərdi. Xüsusən də Cənubi Qafqaz ölkələri. İstər Gürcüstan, istərsə də Ermənistan əgər gücləri yetsəydi, bu tarixi şansı qaçırmazdılar. Amma faktdır ki, Gürcüstanın da, Azərbaycan torpaqlarını havadarları hesabına işğal edən Ermənistan bu oyunlara ev sahibliyi etmək gücündə deyil. Çünki hər iki ölkədə nə iqtisadi resurslar, nə siyasi sabitlik buna imkan vermir. Çünki olimpiya oyunlarına çəkilən xərcləri qarşılamaq üçün dövlətin maddi və iqtisadi resursları olmalıdır. Regionun lider dövləti Azərbaycandan başqa hər hansı ölkənin bunu qarşılamaq gücü yox idi. Nə dostumuz Gürcüstanın, nə də düşmənimiz Ermənistanın.

Tarixə yazılacaq və tarix olacaq bu idman yarışına ev sahibliyi etmək üçün həm də siyasi uzaqgörənlik əsas amil idi. Azərbaycan rəhbərliyi, prezident İlham Əliyev bunu düzgün qiymətləndirərək, zamanında müdrik qərar qəbul etdi. Qərarın alınmasında siyasi iradə nümayiş etdirildi. Bu da nəticə. Azərbaycan Avropa Oyunlarının ilk təşkilatçısı, ev sahibi kimi tarixə yazıldı. Bu tarixi nə dəyişmək, nə saxtalaşdırmaq mümkün deyil. Azərbaycanın adı Avropa ölkələri ilə bir sırada durur. Bir zamanlar Azərbaycan Avropada neft-qaz ixracatçısı kimi, inkişaf edən demokratik ölkə kimi tanınırdısa, 2011-ci ildə “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsinin qalibi, 2012-ci ildə bu beynəlxalq mədəniyyət tədbirinin təşkilatçısı kimi öz yerini tutdu. Bundan sonra idman sahəsində də, miqyasına görə yalnız Dünya Olimpiya Oyunlarından geridə qalan böyük idman tədbirinə ilk dəfə ev sahibliyi edən ölkə kimi dünyanın idman tarixində öz yerimiz olacaq. Reallıq budur.

“Qara piar” iflasa uğrayır

Mötəbər idman bayramına hazırlaşdığımız bir vaxtda ölkəmizi istəməyən daxili və xarici qüvvələr Azərbaycanın əleyhinə müxtəlif təbliğat aparmaqda fəallaşıblar. İstər ölkədaxili, istərsə ölkəmizdən kənarda olan bəzi təşkilatlar və qurumlar Azərbaycanın çox mötəbər bir tədbirə ev sahibliyi etməsini sinirə bilmir. Ölkə daxilindəki radikal müxalifət, xaricdə isə hər zaman onların sözünü deyən, Azərbaycana qarşı qərəzi ilə seçilən bəzi təşkilatlar qara piar təşkil etməyə cəhd edir. Avropa Oyunlarına xərclənən vəsaitlər şişirdilir, dünyada və yerli əhali arasında ölkəni imicinə zərbə vurmağa çalışılır. Təbii ki, bunun üçün ilk növbədə olimpiadaya çəkilən xərclər söhbət mövzusuna çevrilir. Amma deyilənlərin yalan olduğu açıq-aydın ortadadır. Faktlar həmişəki kimi radikal müxalifətin və onların xarici havadarlarının ölkənin imicinə zərər vurmaq üçün yazdıqları, söylədikləri yalançı rəqəmləri üzə çıxarır. Rəsmi açıqlamaya görə birinci Avropa Oyunları üçün işləyənlərin maaşı, qurğular, hesablama sistemləri, həmçinin müvəqqəti qurğular, kommunikasiya - PR işləri nəzərdə tutulur ki, buna da 959 milyon manat vəsait ayrılıb. Ehtiyat fonddan isə 1 milyon 154 min manat vəsait təşkil edib. Büdcə üç hissəyə bölünüb: əməliyyat, idman obyektləri və qurğularının inşasına investisiyalar və üçüncü hissə - şəhərin infrastrukturu ilə bağlı olan xərclərdir olub və bu da nəzərdə tutulan istiqamətdə istifadə olunub. Rəsmi açıqlamalara görə, Olimpiya futbol stadionu 500 mln. manat, Su idmanı növləri sarayı 200 mln. manatdan çox, atıcılıq mərkəzi 110 mln. manat, Heydər Əliyev adına İdman kompleksi və Bulvar Arena hər biri 50 mln. manata yaxın, Avropa Parkı isə 100 mln. manatdan az məbləğə başa gəlib.

Tənqidçi medianın araşdırması da bu qüvvələrin yalan söylədiyini təsdiqləyir. Reallığı elə tənqidçi medianın öz araşdırmalarına istinad etməklə sadalayaq. “Azadlıq” radiosunun araşdırmasına görə, Azərbaycan hökuməti Avropa Oyunlarına hazırlıqla bağlı aşağıdakı idman obyektlərinin tikintisini aparıb və bunlara ümumilikdə əvvəlcədən nəzərdə tutulan məbləğdə vəsait xərclənib. Bəs 4 milyard və ya 8 milyard vəsait haradan çıxdı? Qara piar budur. Azərbaycan dövləti cəmi 960 milyon vəsait xərcləyir, amma daxili, xarici düşmənlər, ölkəmizi gözü götürməyənlər bunu 8 milyard oxuyur, görür, təbliğat aparır.

Yaxud haradasa bir itin öldürülməsindən şou düzəldirlər. Bu kimi adi bir hadisəni sosial şəbəkələrdə ölkəmizin əleyhinə çevirmək cəhdləri göz önündədir. Küçələrin sahibsiz heyvanlardan təmizlənməsinin Avropa oyunlarına hansısa aidiyyatı varmı? Bir qurum öz vəzifəsini icra edirsə, əhalinin sağlamlığının qorunmasına yönəlik tədbirlər görürsə, bunun nəyi pisdir? Bu qədər cılız yanaşma və ölkənin imicinə xələ gətirmək cəhdi ölkəmizin uğurlarından qorxmaq, aparılan siyasətin uğurundan əndişələnmək, Azərbaycanın artan beynəlxalq nüfuzundan çəkinməkdir.

Azərbaycanı sevməyən bəzi qüvvələr ölkədə insan hüquq və azadlıqlarının pozulmasından danışırlar. Son 4 ayda ölkə başçısı 2 dəfə əfv Fərmanı imzalayıb. Ötən ilin dekabrında imzalanan fərmanla 79 nəfər cəzanın çəkilməyən hissəsindən, 3 nəfər islah işlərindən, 5 nəfər isə cərimə cəzasından azad edilib. Həmin Fərmanla əfv olunanların arasında “Nida” Vətəndaş Hərəkatının iki üzvü - Üzeyir Məmmədli və Zaur Qurbanlı, jurnalistlər - Əvəz Zeynalov və Sərdar Əliyev, o cümlədən vəkil Qurban Məmmədov da olub. Bu Novruz bayramı ərəfəsində ölkə prezidenti İlham Əliyev cənablarının əfv fərmanı ilə isə daha 90 nəfər məhbus azadlığa çıxdı ki, onların da 4-ü maraqlı tərəflərin siyasi məhbus, yaxud vicdan məhbusu hesab etdiyi şəxslərdir. Belə bir humanistliyin müqabilində hansı insan haqlarının pozulmasından danışmaq olar?
Vətəndaş cəmiyyətinin sıxışdırılmasını gündəmin mövzusuna çevirənlər, bu fikri müxtəlif beynəlxalq tədbirlərdə səsləndirənlər fərqində deyil ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası az əvvəl ölkə QHT-lərinin müxtəlif layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etdi. 387 QHT-yə qrant ayrıldı. Ayrılan vəsaitin həcmi milyon manatlarla ölçülür. Bu, vətəndaş cəmiyyətinə dövlətin dəstəyidir, yoxsa sıxışdırılması? Təbii ki, bu ölkədə vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyidir. Azərbaycan mətbuatı da daim dövlətin dəstəyini hiss edir. Ölkənin əsas və aparıcı media orqanlarına KİVDF vasitəsilə milyonlarla manat vəsait ayrılır. Artıq bu kimi hallar adi həyat normasıdır və vətəndaş cəmiyyəti sektoru hər zaman dövlətin dəstəyini hiss edir. Bu siyasi xətt ölkə prezidentinin siyasətidir. Dövlət ölkənin azad və müstəqil vətəndaş cəmiyyətinin formalaşmasını özünün prioritetlərindən biri hesab edir və bu sektorun “beşinci kolon”a çevrilməsinin istəmir.
Artıq bir neçə ildir ki, siyasi partiyalar da dövlət büdcəsindən maliyyələşir. Parlamentdə təmsil olunan siyasi partiyaların hər biri hüquqi və qanunu prosedurlara görə dövlətdən maliyyə dəstəyi alır. Elə isə nədən vətəndaş cəmiyyəti təhlükədədir bəyanatları səslənir? Məqsəd Azərbaycan hökumətinə təzyiq etmək cəhdidir. Əslində Azərbaycan internet, söz və mətbuat azadlığına, vətəndaş cəmiyyətinin inkişafına görə dünyanın ən inkişaf etmiş ölkələri ilə eyni cərgədədir.

Udan Azərbaycan və xalqdır

Burada bir xatırlatma, xüsusən də qara piarın aparıcı tərəfdaşına çevrilən radikal qüvvələr üçün yerinə düşər. Ötən əsrin 60-70-ci illərində Azərbaycanda çox böyük infrastruktur layihələri həyata keçirilib. Bakı metrosundan tutmuş Məişət Kondisionerləri Zavoduna, Sumqayıtda Kimya sənayesinin, Gəncədə metal sənayesinin inkişafına, Neft Emalı zavodlarına, Heydər Əliyev adına Respublika sarayına qədər. Adlarını saymaqla qurtarmaz. Həmin layihələrə də müxtəlif məbləğdə dövlət vəsaiti xərclənib. İşi-gücü donos yazmaq olanlar o zaman da bu layihələrə qarşı çıxırdı. Amma Heydər Əliyev sarsımaz iradəsi ilə həmin layihələrin gerçəkləşməsinə, həyata keçməsinə nail oldu. İndi həmin tikililərdən, zavodlardan, saraylardan, metrodan kim istifadə edir, həmin infrastruktur layihələri kimə qalıb? Bizlərə, Azərbaycan xalqına, müstəqil Azərbaycan dövlətinə. Bütün problemlərə, donoslara baxmayaraq o zaman həmin layihələrin həyata keçirilməsi də xalqın və dövlətin maraqları çərçivəsində, uzaqgörənliklə həyata keçirilib. İndi də eləcə. Avropa Oyunları oyunları üçün tikilən, istifadəyə verilən bu idman arenalarından kim istifadə edəcək? Bəlkə biz bilmirik, avropalılar gedəndə həmin arenaları da özləri ilə aparacaqlar? “Evrovizion” Bakıda keçirilərkən tikilən Kristal Zalı aparıblar bəlkə xəbərimiz yoxdur? Bu qədər arqumentsiz, faktsız danışmaqla cəmiyyətdə sosial baza toplamaq mümkün deyil. İllərdir cəmiyyətə yalan informasiyalar verdiyindən radikallar öz sosial dayaqlarını itiriblər və cəmiyyət tərəfindən qəbul edilməyən siyasi cərəyana çevriliblər. Bunun da ən əsas səbəblərindən biri cəmiyyətə illərdir yalan informasiyalar verməkdir. Özləri üçün yalandan bir daldanacaq və sığınacaq qurublar. Elə bilirlər ki, hər kəs onlara inanır.

Yalanınsa ən böyük düşməni həqiqətdir. Həqiqət isə budur ki, görülən işlər, həyata keçirilən layihələr Azərbaycan xalqının xeyrinədir. Tikilənlər bizə qalacaq. Adlarını sadaladığımız və ya sadalamadıqlarımız kimi. Udan xalq və Azərbaycandır.

Sonda onu qeyd edək ki, ilk oyunların Bakıda keçirilməsi, böyük nailiyyətdir və dövlətin ən böyük uğurlarındandır. Bu tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb.

Rufiz Qonaqov, politoloq, Beynəlxalq Münasibətlərin Araşdırması Mərkəzinin sədri
Rəfail Becanov, jurnalist, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri

Saytda Axtarış

Son xəbərlər