Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün780
DünənDünən3491
Bu həftəBu həftə4271
Bu ayBu ay26093
Bu günə qədərBu günə qədər2954498

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakı-Tbilisi-Ceyhan: Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edən layihə

alt

Bu gün BTC kəmərinin çəkilişi ilə bağlı İstanbul Bəyannaməsinin imzalanmasından 19 il ötür

Azərbaycanın yeni neft strategiyasının ən mühüm tərkib hissələrindən biri olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin çəkilişi ideyası və onun reallığa çevrilməsi məhz ulu öndər Heydər Əliyevə məxsusdur. Bu layihənin baş memarı, onun bünövrəsini qoyan, həyata keçirilməsinə şəxsən rəhbərlik edən ümummilli lider Heydər Əliyev olub. BTC kəmərinin çəkilməsi ilə reallaşan və Ulu Öndərin bir neçə onilliklər üçün hesablanan neft strategiyasının həlli və uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində siyasi, iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır, qəbul olunur. Əminliklə demək olar ki, “Üç dənizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə sözü ötən müddətdə artıq öz təsdiqini tapıb. BTC Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir və XXI əsrdə Azərbaycanda həyata keçirilən ən böyük layihələrdən biridir.

Tarixə nəzər salaq. Yeni neft strategiyasının təməl daşını təşkil edən “Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edirdi. Ümummilli lider Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. 1998-ci il oktyabrın 29-da ulu öndər Heydər Əliyev Ankarada Türkiyə və Gürcüstanın prezidentləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşa edilməsi haqqında ilk Bəyannaməni imzaladı. Aparılan tədqiqatlar və danışıqlar 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə görüşü zamanı ABŞ-ın keçmiş Prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan, Gürcüstan, Türkiyə prezidentləri tərəfindən xam neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql edilməsinə dair hökumətlərarası sazişin imzalanmasına imkan verdi. Ümummilli lider Heydər Əliyevin gördüyü siyasi, diplomatik tədbirlər və səylər nəticəsində ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən bu layihənin dəstəklənməsi haqqında və qısa müddət ərzində həyata keçirilməsinə yönəlmiş İstanbul Bəyannaməsinin imzalanmasına nail olundu.

Ulu öndər Heydər Əliyev 1999-cu il dekabrın 29-da “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi və istismara verilməsi tədbirləri haqqında” Sərəncam imzaladı və layihənin həyata keçirilməsi üzrə komissiya təşkil etdi. Komissiyaya danışıqların aparılmasına, müvafiq tədbirlərin icrasına aid səlahiyyətlər verildi. Eyni zamanda, komissiyaya tapşırıldı ki, boru kəmərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsini təşkil etmək üçün müəyyən olunmuş qaydada beynəlxalq səviyyədə tanınmış qurumlardan maliyyə məsləhətçisini seçib təyin etsin. Bu sazişlərin və sərəncamların ümummilli lider Heydər Əliyev tərəfindən imzalanması 2000-ci ilin oktyabr ayında BTC layihəsinin sponsorlar qrupunun yaradılmasına, ilkin mühəndislik və ətraflı mühəndislik işlərinin aparılmasına imkan verdi və BTC layihəsinin texniki, iqtisadi, kommersiya, maliyyə cəhətdən ən əlverişli və səmərəli olduğu təsdiqləndi.

2002-ci il avqustun 1-də Londonda ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə kəmərin tikilməsi və gələcəkdə onu istismar etmək üçün “BTC Co.” şirkəti təsis olundu. BP şirkəti layihənin operatoru seçildi. Onun səhmdarları BP (30,1 faiz), SOCAR (25 faiz), “Chevron” (8,9 faiz), “Statoil” (8,71 faiz), “TPAO” (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ConocoPhillips” (2,5 faiz) və “Amerada Hess” (2,36 faiz) şirkətləri oldu. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak etmək məqsədilə “AzBTC Co.” törəmə şirkətini təsis etdi və bu qurum layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış “BTC Company” şirkətində 25 faizlik iştirak payı əldə etdi. “AzBTC Co.” şirkəti daxil olmaqla bütün digər iştirakçılar layihənin dəyərinin 30 faizlik hissəsini öz vəsaitləri hesabına, qalan 70 faizlik hissəsini isə beynəlxalq maliyyə institutlarından, ixrac kredit agentliklərindən və kommersiya banklarından cəlb edilmiş kredit vəsaitləri hesabına maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etdilər. Azərbaycan dövləti adından Azərbaycan “BTC Co.” şirkətindəki payının maliyyələşdirilməsi isə Dövlət Neft Fondu tərəfindən həyata keçirildi. Ulu öndər Heydər Əliyev 2002-ci il iyulun 30-da “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında” Fərman imzaladı. Həmin Fərmanda BTC layihəsində Azərbaycan Respublikasının iştirakının təmin edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin iştirak payının maliyyələşdirilməsi ilə bağlı məsələlər öz əksini tapdı.

Həmin il sentyabrın 18-də isə Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze, Əhməd Necdət Sezər və ABŞ-ın sabiq energetika naziri Spenser Abrahamsın iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təməli qoyuldu və tikintisinə start verildi. Bununla da, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsinə başlanıldı. Kəmərin inşası üçün podratçı şirkətin müəyyən edilməsi məqsədilə beynəlxalq səviyyəli tender elan olundu. Tender prosesinin nəticəsi olaraq Yunanıstanın “Konsolideytd Kontraktors Kompani” (CCIC) şirkəti qalib elan edildi. 2003-cü ilin fevral ayında Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə start verildi. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirildi. BTC-nin Gürcüstan hissəsi 2005-ci ilin oktyabrında istifadəyə verildi.

Ulu öndər Heydər Əliyevin qalibiyyətli neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi sahəsində misilsiz xidmətlər göstərən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə bağlı şəxsən maraqlanır, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olur. Nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırıldı. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları İlham Əliyev, Mixeil Saakaşvili və Əhməd Necdət Sezər terminalda quraşdırılmış xüsusi qurğudakı sürgünü açdıqdan sonra kəmərlə ilkin neft axmağa başladı.

2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyunun 14-də “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salındı. 600 min barrel xam neft yüklənmiş həmin tankerin Ceyhan limanından yola salınması ilə Azərbaycan neftinin Xəzər dənizindən Aralıq dənizi sahilinədək üç ölkəni birləşdirən boru kəməri - Bakı-Tbilisi-Ceyhan ilə dünya bazarına ixracı başlandı. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

Bakı-Tbilisi-Ceyhan boru kəməri region və Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir

Yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlverişli imkan yarandı, eyni zamanda, ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. Kəmərin uzunluğu 1768 kilometrdir. Respublikamızın 13 rayonundan – Bakının Qaradağ, həmçinin Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarından keçən kəmərin Azərbaycan hissəsinin uzunluğu 443 kilometrdir. BTC Gürcüstanda 7 və Türkiyədə 9 bölgədən keçir. Kəmərin qalan 249 kilometr Gürcüstanın, 1076 kilometr isə Türkiyənin ərazisindən keçir.

Kəmərin istismar müddəti 40 ildir və hazırda orta ötürücülük qabiliyyəti sutkada 1,2 milyon barreldir. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan kəmərin çəkilməsinə təxminən 4,5 milyard dollar vəsait xərclənib. Hazırda kəmər vasitəsilə ildə 60 milyon ton neft nəql etmək mümkündür. Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi və siyasi baxımdan, eləcə də enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını alıb.

BTC boru kəməri nəqliyyat baxımından onsuz da izdihamlı olan Dardanel və Bosfor boğazlarında tankerlərin hərəkət sıxlığını artırmadan Xəzər dənizindən təhlükəsiz və məsuliyyətli qaydada neft ixrac etməyə imkan verir. Üç tranzit ölkə boyu 8 nasos stansiyası və 98 siyirtmə stansiyası var.

Dünya miqyasında dövrünün ən böyük və ən mürəkkəb mühəndis-texniki nailiyyətlərindən biri hesab edilən BTC-nin tikintisinin tamamlanması üçün dörd il tələb olunub – layihə 2002-ci ilin iyul ayında təsdiqlənib və 2006-cı ilin may ayında başa çatıb. Fəaliyyətlərin ən qızğın dövründə tikintiyə 22 min nəfər cəlb olunmuş (bunların demək olar 80 faizini yerli işçilər təşkil edib), 110 milyondan artıq nəfər-saat sərf edilib, 200 milyon kilometrdən artıq məsafə qət edilmiş – bu Yer kürəsi ətrafında 10 dəfə dövrə vurmağa bərabərdir – 220 min ədəd boru qaynaq edilib.

İstismara verildiyi 2006-cı ildə BTC ilə 57 milyon 78 min barrel neft nəql olunub. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur. Bu ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təqribən 61 milyon dollar, əsaslı xərclərə isə 13 milyon dollar sərf edilib.

“BTC Co.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Equinor” (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz).

Qəri Counz: Ceyhandan neftin 3 milyardıncı barrelinin nəqli BTC-nin əldə etdiyi əlamətdar nailiyyətdir

Cari il iyulun 14-də Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə nəql olunan Xəzər xam neftinin 3 milyardıncı barreli 3 min 929-cu tankerə yüklənərək dünya bazarına yola salındı. BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Ceyhan limanından xam neftin 3 milyardıncı barrelinin nəql olunması BTC-nin əldə etdiyi əlamətdar nailiyyətdir. İstismara başladığı vaxtdan etibarən boru kəməri müstəsna səmərəlilik nümayiş etdirib. Onun inşası nəhəng mühəndis-texniki nailiyyətdir və 12 illik təhlükəsiz, etibarlı və məsuliyyətli əməliyyatlardan sonra bu boru kəməri əməliyyat səmərəliyinin bariz nümunəsi və üç ölkə boyunca vahid komandanın gerçəkləşdirdiyi dünya miqyaslı fəaliyyət kimi təsvir oluna bilər. Əminliklə deyə bilərəm ki, BTC-nin fəaliyyəti dünyada ən təhlükəsiz və ekoloji cəhətdən zərərsiz boru kəməri əməliyyatlarından biridir”.

“Biz hamımız BTC-nin uğur hekayəsi ilə qürur duymalıyıq. Hamımız dedikdə, mən layihə başladığı andan etibarən üç ölkədə layihənin icrasına cəlb edilmiş minlərlə insanı – işçi qüvvəsini, icmaları, şirkətləri, regional və beynəlxalq hökumətləri, tərəfdaşları və öz işçi heyətimizi nəzərdə tuturam. Bu, həqiqətən də hər mənada böyük obyektdir və bu günə qədər onun əldə etdiyi nailiyyətlər bizdə qürur hissi oyadır.

Üç regional ölkəni birləşdirən körpü kimi BTC həmin üç ölkə boyu icmalarda və əhalidə böyük müsbət dəyişikliklərə yol açaraq bu ölkələr arasında əlaqələri möhkəmləndirib. BP-nin dünya üzrə biznesində belə layihənin olması mənə böyük qürur və şərəf verir və sizin çoxunuzun da eyni hisləri bölüşdüyünüzə əminəm”, - deyə BP-nin regional prezidenti əlavə edib.

Qeyd edək ki, cari ilin yanvar-oktyabr ayları ərzində Bakı–Tbilisi–Ceyhan boru kəmər vasitəsilə 28 milyon 256,9 min ton neft ötürülüb. On ayda BTC ilə 5 milyon 465,4 min ton tranzit nefti də nəql edilib.

Regionda enerji ixracının başlıca arteriyası hesab olunan Bakı–Tbilisi–Ceyhan boru kəməri Xəzər dənizinin zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında bundan sonra da mühüm rol oynayacaq. Azərbaycanın strateji obyekt kimi dəyərləndirdiyi BTC boru kəməri qapalı Xəzər hövzəsi ilə bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqədir. Bu günə qədər BTC texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilər nümayiş etdirib. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75 faizdən artaraq hazırkı 99,9 faiz səviyyəsinə çatıb.

Saytda Axtarış

Son xəbərlər