Milli Məclisin sədri Sahibə Qafarovanın Gürcüstana rəsmi səfəri başlayıb

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti martın 10-da Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidəki Heydər Əliyev Parkını ziyarət edib və Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Sahibə Qafarova Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

Bundan sonra Milli Məclisin Sədri Qəhrəmanlar Meydanına gedərək Memorial kompleksini ziyarət edib. O, Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanların abidəsi önünə əklil qoyub. Ziyarət zamanı Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Gürcüstan parlamentinin sədri ilə görüş

Eyni gün Sahibə Qafarova Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüş keçirib. Görüş zamanı Şalva Papuaşvili vurğulayıb ki, bu səfər Gürcüstanda keçirilən parlament seçkiləri və yeni çağırış parlamentin fəaliyyətə başlamasından sonra qanunverici orqan rəhbəri səviyyəsində ilk rəsmi səfərdir. O, bunu Azərbaycanla Gürcüstan arasındakı yüksək dostluq münasibətlərinin göstəricisi kimi qiymətləndirib və Gürcüstana verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Sahibə Qafarova isə Gürcüstan parlamentinə keçirilən seçkilərlə bağlı və yenidən spiker seçilməsi münasibətilə Şalva Papuaşvilini təbrik edib. O, Azərbaycan ilə Gürcüstanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayaraq, bu əlaqələrin xalqlarımızın iradəsindən qaynaqlandığını bildirib. Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində bir yerdə yaşayıblar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanla Gürcüstan arasındakı siyasi münasibətlər digər qonşu ölkələr üçün nümunə sayıla bilər.

Söhbət zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının enerji və nəqliyyat sahələrində böyük layihələrin həyata keçirilməsinə şərait yaratdığı bildirilib. Qeyd olunub ki, bu layihələr yalnız iki ölkənin deyil, eyni zamanda bütövlükdə Cənubi Qafqaz regionunun inkişafı və sabitliyinə töhfə verib.

Görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Qeyd edilib ki, parlamentlərarası əlaqələr Azərbaycan və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm tərkib hissəsidir və hazırda bu sahədə səmərəli əməkdaşlıq qurulub. Həmçinin beynəlxalq platformalarda Azərbaycan və Gürcüstan parlamentarilərinin bir-birinə verdiyi dəstəyin və birgə fəaliyyətinin əhəmiyyəti xüsusi qeyd olunub.

Görüşün sonunda Milli Məclisin Sədri Sahibə Qafarova Xatirə kitabını imzalayıb.

Əməkdaşlıq haqqında memorandum imzalanıb

Martın 10-da iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq haqqında memorandumun imzalanma mərasimi baş tutub. Sənəd Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin Sədri Şalva Papuaşvili tərəfindən imzalanıb.

Bu memorandum parlamentlərarası münasibətlərin daha da inkişafına və əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey