Azərbaycan və Türkiyə XİN rəhbərləri Kahramanmaraşa səfər ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu zəlzələ nəticəsində zərər çəkmiş Kahramanmaraş şəhərinə səfər ediblər.
Ceyhun Bayramovu hava limanında Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu qarşılayıb.
Səfər çərçivəsində, nazir Ceyhun Bayramov Türkiyə Respublikasının Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Mərkəzini, Daxili İşlər Nazirliyinin Kahramanmaraş Bölgə Mərkəzini, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin bazasını və xilasedicilərin fəaliyyət göstərdiyi sahəni, o cümlədən Azərbaycan tərəfindən zəlzələ zonasına göndərilmiş səhra xəstəxanasını ziyarət edib.
AFAD Mərkəzini və Daxili İşlər Nazirliyinin Kahramanmaraş Bölgə Mərkəzini ziyarət edən nazir Ceyhun Bayramov, zəlzələ bölgəsində dağıntılar altında qalmış vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində AFAD tərəfindən görülən genişmiqyaslı işlərlə tanış olub. Nazir Ceyhun Bayramov, xarici işlər naziri Mevlüt Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylunun iştirak etdiyi tədbirdə çıxış edərək Türkiyə dövlətinə və xalqına başsağlığı diləklərini çatdırıb. Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu qeyd edən nazir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, fəlakətin ilk günündən ölkə tərəfindən həyata keçirilən dəstək tədbirləri barədə məlumat verib.
Çavuşoğlu öz növbəsində həmkarı Ceyhun Bayramova həmrəyliyi üçün təşəkkür edib və deyib: “Azərbaycandan Türkiyənin yardıma gələn heyət 900 nəfərdir. Amma bilirəm ki, Azərbaycandan hər kəs könüllü olaraq bura gəlmək istəyir”.