Baş nazir Azərbaycan Milli Məclisinin sədrini qəbul edib
Baş nazir İrakli Qaribaşvili Azərbaycan Respublikasının Milli Məclisinin sədri, Sahibə Qafarovanı qəbul edib.
Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, tərəflər iki ölkə arasındakı dostluq əlaqələri və strateji tərəfdaşlıqdan söhbət açıblar. Xüsusi olaraq ikitərəfli iqtisadi əlaqələrin inkişafı və tranzit-energetika layihələri diqqət mərkəzində olub. Tərəflər bildiriblər ki, bu tipli vacib layihələrin gələcək inkişafı mütləq dərəcədə önəm daşıyır.
Görüş zamanı baş nazir İrakli Qaribaşbili bildirib ki, bu il Gürcüstan və Azərbaycan arasında diplomatik əlaqələrin başlamasının 30 illiyi qeyd edilir və bu münasibətlə bir sıra tədbirlər keçirilib.
Baş nazir onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Bildirib ki, Prezident İlham Əliyev ölkəsinin ərazi bütövlüyünü bərpa etmiş lider kimi böyük hörmətə layiqdir.
Baş nazir Gürcüstan, Türkiyə və Azərbaycan üçtərəfli əlaqələrinin inkişafından da danışıb, bu əlaqələrin daha da gücləndirilməsini dəstəklədiklərini diqqətə çatdırıb.
Milli Məclisin spikeri iqtisadi sahədəki əlaqələrin əhəmiyyətindən danışaraq bildirib ki, hazırda Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələri əhatə edən çoxsaylı sənədlər imzalanıb. O, qeyd edib ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və investorlarından biridir. Bir çox Azərbaycan şirkətləri Gürcüstanda uğurla fəaliyyət göstərir.
Milli Məclisin sədri söyləyib ki, postmünaqişə dövründə Cənubi Qafqazda yeni reallıqlar və yeni imkanlar yaranıb. Azərbaycan Ermənistana regionda münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə təkliflər verib.
Baş nazir həmçinin Milli Məclisin sədrinin diqqətinə çatdırıb ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin qorunması və gücləndirilməsi üçün vasitəçi rolunu yerinə yetirməyə hazırdır.