Azərbaycan Milli Məclisinin sədri Salome Zurabişvili ilə görüşüb
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində ölkə Prezidenti Salome Zurabişvili ilə görüşüb.
Bu barədə prezident administrasiyası məlumat yayıb.
Tərəflər Ukraynada davam edən hadisələr, regionda yaranmış vəziyyət, Qara dənizin təhlükəsizliyi və regionda sabitliyin önəmindən danışıblar. Gürcüstan prezidenti bəyan edib ki, bizim regionun real inkişafı, mədəni, iqtisadi və tranzit potensialının tam şəkildə istifadəsi üçün, sabitlik və təhlükəsizliyi dərinləşdirmək lazımdır. Görüş zamanı prezident ölkəmiz üçün Avropa inteqrasiyasının önəmindən söz açıb.
Milli Məclisin sədrini Gürcüstanda salamlamaqdan məmnunluğunu bildirən Prezident Salome Zurabişvili belə səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb.
Qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin rolunu xüsusi qeyd edən dövlət başçısı parlamentlər arasındakı sıx münasibətlərin qurulmasına görə təşəkkürünü bildirib. O, Gürcüstanın və Azərbaycanın hər zaman beynəlxalq müstəvidə bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edib.
S.Qafarova nümayəndə heyətinə göstərilən qonaqpərvər münasibətə görə təşəkkürünü bildirib. Spiker qeyd edib ki, qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Müstəqillik dövründə isə bu əlaqələrimiz daha da inkişaf edib və bu il biz diplomatik əlaqələrimizin qurulmasının 30-cu ildönümünü qeyd edəcəyik.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.