Əliyev açıqladı: “Torpaqların bərpası prosesi artıq başlayıb”
“Zəngilan rayonunun İkinci Ağalı kəndində olduq. Kəndin inkişafı ilə bağlı təqdimat edildi. Bir neçə aydan sonra İkinci Ağalı kəndinin yenidən qurulmasına start veriləcək. Birinci bərpa edilən kənd olacaq. Və İkinci Ağalı kəndi “Ağıllı kənd” konsepsiyası əsasında qurulacaq”.
Bu sözləri dünən Qubadlı rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
“Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Biz bütün bu dağılmış kəndləri bərpa edəcəyik. Baxın, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi nə günə salıb. Vandallar, barbarlar işğal dövründə bütün bu binaları söküblər, talayıblar, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik.
Bura da Zəngilan şəhəridir. Biz artıq burda olmuşuq. Yenə də gəlmişik. Zəngilan şəhəri də digər şəhərlər kimi düşmən tərəfindən demək olar tamamilə dağıdılmışdı. Bir neçə ev qalmışdı. Burda onların hərbi hissəsi yerləşirdi, polis bölməsi yerləşirdi. Bir də ki, xaricdən gələn, burada qanunsuz yaşayan ermənilər. Mənfur düşmən Zəngilanı bu günə qoyub.
Bütün şəhərlərimizin baş planları hazırlanır. Təqdim ediləcək, müzakirə ediləcək. Ondan sonra bərpa işlərinə start veriləcək. Keçən dəfə Zəngilan şəhərinə gələndə bu bayrağı mən ucaltdım burada”, – deyə İlham Əliyev bildirib.
Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dünən Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.