Azərbaycanın mədəniyyət naziri və Gürcüstanın XİN rəhbərləri arasında görüş baş tutub
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstana səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri David Zalkaliani ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın inkişafı və daha da möhkəmləndirilməsi, mədəni əlaqələrin inkişafının sülhə və təhlükəsizliyə verdiyi töhfələr diqqət mərkəzində olub.
David Zalkaliani deyib ki, Gürcüstan ilə Azərbaycan bölgədə çox səmərəli əməkdaşlıq edirlər. Mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi də iki ölkə üçün böyük əhəmiyyət kəsb edir.
Anar Kərimov qeyd edib ki, Azərbaycan dövləti qonşu və dost Gürcüstan ilə əlaqələrin inkişafına böyük önəm verir:
“Bizim beynəlxalq təşkilatlar çərçivəsində siyasi və iqtisadi, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlığımız xüsusilə mühüm əhəmiyyət kəsb edir”.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, mədəni əlaqələrin inkişafı bölgədə davamlı sülhə və təhlükəsizliyə töhfə verəcək.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər də iştirak ediblər.